OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycana səfər gələcək.
Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində yazılıb.
İqtisadçı ekspert İlham Şaban Teleqraf.com-a OPEC baş katibinin Azərbaycana gəlişinin səbəblərini şərh edib.
Ekspert deyir ki, baş katibin Azərbaycana səfəri ölkəmizin dünyadakı neft qiymətlərinə təsirini əks etdirir: “Natiq Əliyevin “Respublika” qəzetinə dərc olunan məqaləsi heçdən ortaya çıxmayıb. Bu, Azərbaycanla OPEC arasında əlaqələrə həsr edilib.
Məqalədə Azərbaycan neft qiymətlərinin ədalətli çərçivəyə qayıtması üçün hansı töhfələr verə biləcəyi və Azərbaycan hansı addımları atmağa hazır olduğu qeyd edilib. Bir çoxları deyir ki, axı, Azərbaycan kiçik həcmli hasilatçı ölkədir, onun dünyanın iri neft ölkələri ilə oyuna girməsinə nə ehtiyac var? Qiymətlərin hansısa bir səviyyədə bərqərar olmasına Azərbaycanın nə köməyi dəyə bilər? Bu, yalnış fikridir.
Azərbaycan hasilatın dondurulması ilə bağlı müsbət mövqeyini açıqlayanda neft hasilatı ilə məşğul olan ölkələr içərisində hansı cəbhədə dayandığını nümayiş etdirdi”.
İlham Şaban deyir ki, dünyada 70 neft ölkəsi var. Onlardan 35-40-da yetərli həcmdə hasilat var: “Belə ölkələr sırasına Azərbaycan da daxildir, OPEC-in statistikasında ölkəmiz də yer alır. Bu baxımdan Azərbaycan heç də önəmsiz ölkə deyil”.
Ekspert qeyd edib ki, Xəzəryanı ölkələr içərisində hökumətlərin açıqladığı proqnozlara görə, Azərbaycan yeganə ölkədir ki, 2017-ci ildə neft hasilatı artmaq əvəzinə azalacaq.
İlham Şaban hesab edir ki, Rusiyanın hasilat dondurmasına inandırıcı deyil: "Rusiyanın rəsmi kvotası 32 milyon bareldir. Bu ölkə hasilatı nə azaldır, nə də çoxaldırlar. Fikrimcə, hasilatı azaltsa belə bunu 1 neçə ay saxlaya bilər. Bu müddət 2 aydan çox davam edə bilməz.
Qazaxıstanın bu il 75,5 milyon, gələn il üçün 80 milyon ton neft hasil edəcəyi barədə ilkin proqnoz verilib, amma hasilat yaxşı olsa, bu rəqəm 82 milyona kimi arta bilər. Türkmənistan hasilatı 500 min tona qədər artırmağı planlaşdırır. İranın isə hasilatı nə qədər artıracağı bilinmir.
Azərbaycanda bu il 41,3 milyon hasilat olub, amma hökumətin qərarı ilə 39,75 milyon tona kimi azalma olacaq. Beləliklə, Azərbaycan qeyri-OPEC ölkələri arasında hasilatı real olaraq azaldan, ona əməl edən, prakitikada çox önəm daşıyan ölkədir”.
İlham Şabanın sözlərinə görə, orta və perspektiv üçün neft qiymətləri ortalama 60-65 civarında hesablanır: “2030-cu ildə neftin qiyməti 80 dollar ola bilər. Amma həmin ilin 80 dolları dəyər formasında 2015-ci ilin 60 dollar dəyərində olacaq. İnflyasiya və alıcılıq qabiliyyətini nəzərə almaq lazımdır”.
İlhamə ƏBÜLFƏT