17 Oktyabr 2018 20:03
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda Aran iqtisadi rayonunda sahibkarların və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydaların tətbiqi ilə bağlı tədbir keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbir çərçivəsində Ucar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir süd emalı müəssisəsinin, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 1,3 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər heyvandarlıq, süd emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Nazirliyin məlumatında qeyd olunub ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13880 sahibkara 573,7 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Ucarda güzəştli kreditlərdən istifadə etməklə yaradılan aqroparka baxış keçirilib. Aqroparkda birinci mərhələ üzrə 800 hektar buğda, 700 hektar arpa, 105 hektar pambıq, 100 hektar yonca, 90 hektar qarğıdalı, 70 hektar çəltik əkilib və 200 başlıq ferma yaradılıb. Aqroparka Macarıstandan 125 baş “Murrah” cinsindən olan camış gətirilib.

İkinci mərhələdə gündəlik 2 ton süd emal etmək gücündə olan müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu emal müəssisəsində ölkəmizdə ilk dəfə olaraq italyan pendir növü olan “Mozzarella” pendiri istehsal olunacaq.


Müəllif: Səxavət