“Bakı şəhərində avtomobilin həddindən artıq çox olması fikri yanlışdır. Bakıda rəsmi statistikaya görə, 2.3 milyon nəfər yaşayır. Qeydiyyatsız yaşayanları nəzərə alsaq maksimum 2.5 milyon nəfər. Ölkədə 1.4 milyon avtomobil qeydiyyatdan keçib ki, bunun da 1,05 milyonu (1 milyon 50 min) Bakı şəhərinə aiddir. İctimai nəqliyyat, yük maşınları, şirkətlərin balansında olan avtomobilləri çıxdıqda əhalinin sərəncamında təqribən 700 min minik avtomobili qalır. Yəni, hər 3.3 nəfərə 1 avtomobil düşür”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Elman Sadıqov deyib.
O bildirib ki, Avropanın bir sıra böyük, xüsusilə paytaxt şəhərlərində avtomobil sayı əhalinin sayından çoxdur: “Bir rəqəmlə kifayətlənəcəm. Fransada 2019-cu ilin sonuna qeydiyyata alınmış avtomobil sayı 32.03 milyon ədəddir, əhali isə 65.3 milyon nəfər. Azərbaycanda isə10 milyon əhali, 1,45 milyon avtomobil var. Onu da qeyd edim ki, paytaxtlarda bir çox hallarda avtomobil sayı əhalinin sayından çox olur. Bu da dövlət idarələrinin, biznesin paytaxtda olması ilə bağlıdır. Onların balansında olan avtomobillərin sayı kifayət qədər çoxdur.
Mən burada çox xırdalıqlara getmədim. Məsələn, Bakıda qeydiyyatda olan avtomobillərin hamısı Bakıda sürülmür. Həmin avtomobillərin hamısı minik avtombili deyil və sair. Hər bir halda nəticə budur ki, Bakı şəhərində avtomobil sayı əslində normadan ən yaxşı halda 2 dəfə, normalda isə 3 dəfə azdır”.
Analitik hesab edir ki, Bakıda əhali çoxdur, şəhər tab gətirmir fikri də yanlışdır: “Bakı şəhəri və ətrafı (qısası 11 rayonu) ərazi baxımından 10 milyon nəfər əhalinin normal yaşamasına, yerləşməsinə imkan verir. Bu sahənin mütəxəssisləri təsdiq edə bilər. Bakı şəhərinin mərkəzində sıxlıq çoxdur və onsuz da çox olmayan avtomobillər üçün normal parklanma yerləri və planlaşdırma olmadığı (bunun müxtəlif çıxış yolları və təcrübələr mövcuddur), məskunlaşma konsentrasiyası olduğu üçün şəhərin böyüməsi ağrılı olubdu. Mərkəzə daha çox güc düşdüyü və bütün yollar da mərkəzdən keçdiyi üçün kilidlənmə yaranıbdı.
Azadlıq prospektindəki yeni tikililəri və mənzil saylarını həmin prospektin imkanları ilə müqayisə edək. 10 ildən sonra oradakı tikililərdə məskunlaşmanın 80% olacağını nəzərə alaraq stress testlər aparsaq, həmin prospektdə yaranacaq yüklənmənin və kilidlənmənin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi qaçılmaz olacaq”.
Elman Sadıqovun qənaətincə, paytaxtda tıxacın səbəbi avtomobillərin çoxluğudur fikri də yanlışdır: “Əhalinin sayına görə avtomobillərin sayının əslində normadan az olmasını yuxarıda qeyd etdim. Tıxacın səbəbi əslində şəhərdə yolların sahəsinin şəhərin ərazisinə nisbətdə az olmasıdır. Normal olaraq bu nisbət 30-35% olsa da, Bakının xüsusilə mərkəzi rayonlarında bu nisbət aşağıdır. Mərkəzi hissələrdə əlavə yol imkanları yaratmaq məhdud olsa da, yeni tikili tikmək imkanları məhdud olmayıb. Bu da yolların yüklənməsinə gətirib çıxarıb.
Digər məsələ isə tikilən yeni binalarda mənzil sayı ilə həmin binanın avtomobilləri üçün tikilən yeraltı və yerüstü dayanacaqlardakı avtomobil sayı arasındakı nisbətdir. Yəni, 200 mənzilli bina cəmi 40-50 avtomobil üçün yeraltı qaraj, maksimum 50-60 avtomobil (ən yaxşı halda) yerüstü qaraj (və ya yer) hazırlayır. Qalan avtomobillər isə yollarda saxlanır”.
İqtisadçı vurğulayır ki, sadalanan problemlərin əsas səbəblərindən biri heç bir layihədə risklərin ölçülməməsidir: “Ümumiyyətlə, risklərin ölçülməsi, idarə edilməsinə istər dövlət, istərsə də özəl qurumlarda (ola bilər ki, 5-10% istisna var) çox laqeyd yanaşılır. Hətta bir çox qurumlarda risklərin idarə edilməsi, statistika, analiz demək olar ki, ya yoxdur, ya da formaldır. Ya da risk mütəxəssislərinin fikirləri nəzərə alınmır. Bir çox layihələrin əsaslandırılması aşağı səviyyədədir. Bu məsələnin aktuallığı və vacibliyi getdikcə artmaqdadır.
Daha bir bir məsələ isə düzgün diaqnozun olmamasıdır. Əgər biz problemləri həll etmək istəyiriksə, məsələyə elmi nöqteyi-nəzərdən, qəbul olunmuş standartlar baxımından yanaşmalıyıq ki, düzgün həll yolları tapaq. Problemin kökünü tapmaq əvəzinə əhali və avtomobil çoxdur demək məncə, çıxış yolu deyil. Çünki hər ikisinin artımı həm gözlənilən, həm də qarşısıalınmaz prosesdir”.