21 Dekabr 2021 16:50
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial paketin icrası yalnız dövlət sektorunda çalışanlar deyil, həmçinin özəl sektor üçün də vacib hesab olunur. 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,4 faizə qədər yüksələcək. Bu isə ondan xəbər verir ki, gələn il büdcədən ayrılacaq hər 2 manatdan təxminən 1 manatı sosial sferaya yönəldiləcək. Bu, sosial istiqamətə 14 milyard manata yaxın vəsaitin ayrılması anlamına gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, ölkədə reallaşmaqda olan və 1.5 milyard manata yaxın dəyəri olacaq yeni sosial paket 2 milyondan artıq vətəndaşı əhatə edəcək: “Mühüm məqamlardan biri də əməkhaqqı, müavinət və digər artımların özəl sektora və kənd təsərrüfatında çalışanların sosial vəziyyətinə necə təsir göstərməsidir.

Sosial ayırmaların atması istehlakı artıracaq və bu da özəl sektorun, xüsusən də xidmət, ictimai iaşə, turizm və s. sektorların dövriyyəsinin artması baxımdan vacibdir. Çünki maaş artdıqca istehlak da artır, bu da nəticədə özəl sektorunun gəlirlərini çoxaldır. Bu, həmçinin özəl sektorda çalışanların maaşlarının artması və yeni iş yerlərinin yaradılması baxımdan da maliyyə baza formalaşdırır.

Digər tərəfdən, minimum əməkhaqqı sadəcə dövlət sektorunda çalışanlar üçün deyil, bütövlükdə ölkə üzrə tətbiq olunur. Bu isə o deməkdir ki, özəl sektorda da gələn aydan 300 manatdan az əmək haqqı vermək mümkün olmayacaq”.

Vüqar Bayramovun sözlərinə görə, sosial paket aqraq sektorda çalışan və pay torpağı olanlar üçün yeni məşğulluq imkanları təklif edir: “Belə ki, gələn aydan etibarən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. Yəni, əvvəllər özünüməşğulluq və digər aktiv sosial proqramlarda iştiraka maneə olan “pay torpağa sahiblik” artıq əngəl olmayacaq. Pay torpağı olanlar da pulsuz aktivlərə, o cümlədən sosial iş yerlərinə müraciət edə biləcəklər. Digər tərəfdən, istehlakın artması kənd təsərrüfatı məhsullarına tələbə də təsir göstərəcək.

Bütövlükdə, dövlət sektorunda əhatəli sosial proqramlar özəl sektorun inkişafına da xüsusi təkan verir. Bu baxımdan, gələn il Azərbaycan istehlakın, o cümlədən xidmətlərə tələbin artacağı gözlənilir”.


Müəllif: Yeganə Oqtayqızı