1 Fevral 2022 20:13
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların daha 1 il dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikdə yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Sözügedən dəyişiklik ötən illərdə də tətbiq edilib. Maraqlıdır, ötən dövr ərzində qərarın hansı müsbət nəticəsi olub?

İqtisadçı Elman Sadıqov Teleqraf.com-a bildirib ki, inkişaf etməkdə olan ölkələrdə iqtisadi subyektlərə zamanla müdaxilələr olub: “Bəzən iqtisadiyyatda müəyyən sistem qurulduqca həmin sistemdə olan dövlət qurumları daha çox nəzarət etmək, lisenziya vermək və yaxud yoxlama aparmaq üçün müəyyən səlahiyyətlər əldə etməyə çalışırlar. Hər bir qurum buna çalışdıqca nəticə etibarilə bir sahibkarlıq subyekti il ərzində 6-7 dövlət qurumu tərəfindən yoxlamaya məruz qalır. Bu da sahibkar üçün əlavə vaxt itkisi deməkdir. Ortaya bəzi hallarda lüzumsuz, bəzi hallarda isə subyektiv məsələlər çıxır. Bu da investorların və sahibkarların narazılığına səbəb olur.

2015-cı ilin devalvasiyasından sonra neft qiymətlərinin aşağı düşməsi, qeyri-neft sektorunun inkişafını şərtləndirdi və zəruri etdi. Həm devalvasiya, həm də inflyasiya yükü altında qalan sahibkarları yoxlamalardan azad etdilər. Gözlənilirdi ki, bu onların işlərini qura bilməsinə və investisiya cəlbinə kömək etmiş olacaq. Bir müddət sonra isə pandemiya başladı. Bu dövrdə ən çox zərər çəkən seqmentlərdən biri elə sahibkarlar oldu. Onsuz da dəyən zərərlərdən onların dövriyyələri aşağı düşmüşdü.

Ona görə də sözügedən qanuna edilmiş dəyişiklik pandemiya dövründə də öz qüvvəsində qaldı. Hesab edirəm ki, verilən bu qərar çox doğrudur. Pandemiya hələ bitməyib, indi də omikron dalğası başlayıb. Baxmayaraq ki, qapanma yoxdur, hələ də sahibkarların dövriyyəsi və əhalinin alıcılıq qabiliyyəti aşağıdır”.

Analitikin sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunun investisiyaya cəlbinə ciddi ehtiyacı var: “Yoxlamaların dayandırılması investisiya cəlbini şərtləndirən amillərdən biridir. Əlbəttə, müəyyən müddətdən sonra yoxlamalar da bərpa olunacaq. Amma hesab edirəm ki, hökumətin növbəti addımı bu yoxlamaların sayının ciddi şəkildə azaldılmasına diqqət etmək olmalıdır. Yoxlamaların sayının minimuma endirilməsi, paralelçiliyin olmaması çox önəmlidir. Bəzən eyni yoxlama müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrılıqda həyata keçirilir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə qeyri-neft sektoru və müxtəlif sahələr yeni-yeni dirçəlməyə başlayır.

Düşünürəm ki, yoxlamaların zəruri məqsədi olmalıdır. Məsələn, ilk olaraq təhlükəsizlik yoxlanmalıdır. Tutaq ki, bir tikinti şirkətinin tikinti qaydalarına riayət etməsi önəmlidir. Bundan əlavə, qida təhlükəsizliyi və ərzaq məhsullarının saxlanılması önəmlidir. Həmçinin büdcə daxilolmalarında yoxlamaların təmin olunması vacibdir. Yəni büdcə daxilolmaları dedikdə vergilər, pensiya fonduna ödənişlər düzgün şəkildə ödəniş təminatına baxmaq lazımdır. Bunların təmini olarsa, sahibkar üçün yoxlamalar kifayətdir”.

Maraqlıdır, son 1 ildə investisiya artımı müşahidə olunubmu?

Elman Sadıqov deyir ki, yoxlamaların dayandırılmasında əsas məqsədlərdən biri investisiya cəlbinin artırılmasıdır: “Amma real vəziyyət investisiya cəlbinə mane olur. İnvestisiya cəlbinin olub-olması və buna təsir edən məqamlar araşdırılmalıdır. Buna konkret cavab vermək mümkün deyil. Yoxlamaların dayandırılmasında əsas məqsəd pandemiyaya görə qapanmaların, inflyasiyaya və dövriyyənin aşağı düşməsinə təsir edən məqamların minimallaşdırmaqdır. İndiki şəraitdə qeyri-neft sektorunda investisiyanın artdığını demək doğru olmaz. Bunun da obyektiv səbəbi var. Burada bizi aldadan amil pandemiyadır. Bütün dünyada investorlar hər şeyə qorxaraq yanaşırlar. Çünki pandemiyada vəziyyətin necə olacağını heç kim proqnozlaşdıra bilmir”.

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev isə bildirib ki, iş adamlarının əsas problemi qanuni və ya qanunsuz yoxlamaların dayandırılması deyil, ölkədə biznes mühitinə olan inamdır: “Yerli sahibkarlar azərbaycansayağı məsələlərə onsuz da öyrəşiblər. Kim işləyirsə, pis-yaxşı “qaydalar”a uyğun işləyəcək, amma uzunmüddətli kapital yatırımı etməyəcək. Çalışacaq ki, bu gün yatırım etsin, sabah isə gəlir götürsün. Bu da sabaha olan inamsızlıqdan irəli gəlir.

Hətta ötən gün yaxından tanıdığım bir şəxs mənə dedi ki, yaxın dostu 10 milyonluq iş görür və buna görə 10 milyonluq yatırım edib. 10 milyonluq yatırımın 2 milyonunu alıblar ki, sənə gəlirli sahə üzrə şərait yaratmışıq. Ad çəkmirəm, çünki o şəxslərin də sabah üz-üzə gələndə sözlərindən qaçmayacağına əmin deyiləm.

Bizə xarici sərmayəçiləri cəlb etmək lazımdır. Onlar isə gəlmək istəmir. Gəlmək istəyənlərin və yaxud gələnlərin əksəriyyəti azərbaycansayağı işləmək istəyənlərdir. Onlarla xarici biznesmen mənə yaxınlaşıb və qeyri-qanuni yollarla işləmək istədiyini deyib. Çoxunu da manatla işləmək və qazanmaq maraqlandırır. Elə bil ki, ölkəmiz bir yağlı əppəkdir, hər kəs əlində bıçaq çəngəl bir tikə qopartmaq istəyir. Bizə isə belələri yox, uzunmüddətli sərmayə qoyan iş adamları maraqlı olmalıdır. Onlar maraqlı olsunlar ki, bu ölkəyə pul yatırıb mənfəət əldə edəcəklər. Maraqlı deyillər, çünki bizim qaydalarımız onlar üçün şəffaf, proqnozlaşdırıla bilən və təhlükəsiz deyil”.

Deputat təklif edir ki, xarici sərmayədarları Azərbaycana cəlb etmək üçün hüquqi addımlar atılmalıdır: “Gözəl danışmağı, rəngli kağızlarda, gözoxşayan rənglərlə təqdimat etməyi bütün vəzifəli şəxslər gözəl bacarırlar. Amma bu parlaqlığın arxasında yüzlərlə qaranlıq məqamlar var və onlar imlkan vermir ki, xarici iş adamları qeyri-neft sektoruna ciddi yatırımlar etsinlər”.


Müəllif: Yeganə Oqtayqızı