19 Avqust 2023 12:38
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” Böyük Britaniyanın ödəniş xidmətləri şirkəti “Checkout.com” ilə kriptovalyuta ortaqlığını sonlandırmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, “Checkout.com” avqustun 9 və 11-də “Binance”ə göndərdiyi iki məktubla aralarındakı müqaviləni birtərəfli qaydada ləğv etdiyi açıqlanır.

“Checkout.com”un baş direktoru Guillaume Pousaz müvafiq məktublarda müqavilənin ləğvinə səbəb kimi yurisdiksiyalardakı tənzimləyicilərin hərəkətləri və əmrləri haqqında hesabatları göstərir. Bundan əlavə, birjanın çirkli pulların yuyulmasının qarşısının alınması ilə bağlı sanksiyaları və uyğunluğa nəzarətlə bağlı narahatlıqları da məktublarda müzakirə olunan detallar arasında olub.

“Binance”nin sözçüsü Devi Müstəcəb (Dewi Mustajab) müqavilənin ləğvi ilə razılaşmadıqlarını və qanuni addım atmağı planlaşdırdıqlarını deyib:

“Binance” kripto sənayesinin aparıcı uyğunluq proqramını qurmaqda uzun bir yol keçib. Tənzimləyicilər və tərəfdaşlarımızla daha çox inam yaratmağa ümidliyik. “Checkout”un tərəfdaşlıqdan getməsinin birjanın xidmətlərinə heç bir təsiri olmayacaq” .

Qeyd edək ki, iyun ayında “Binance”in ABŞ-dakı törəmə şirkəti “Binance.US” bank tərəfdaşları, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ilə bağlı problemlər səbəbindən əmanətlərin qoyulması və çıxarılması ilə bağlı problemlər yarandığını bəyan etmişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər