13 Sentyabr 2023 16:10
2 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhali 8 ayda ərzağa 20 milyard, qeyri-ərzaq məhsullarına isə 15.5 milyard manat xərcləyib. Ümumilikdə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,7 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,5 faiz artıb.

Cari ilin 8 aylında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,1 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

2022-ci ilin 8 ayı ilə müqayisədə cari ilin eyni dövründə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,0 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 3,1 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,1 manatlıq, o cümlədən 248,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,6 manatlıq qeyri-ərzaq malları alıb.

Beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycan həmişə ərzağa ən çox pul xərcləyən ölkələr sırasında yer alıb. Hələ 2016-cı ildə Ümumdünya İqtisadi Forumunda yayılan hesabatda Azərbaycanda ev təsərrüfatları gəlirinin 40,1 faizini yeməyə xərclədiyi bildirilib.

Maraqlıdır, əhalinin gəlirlərinin yarıdan çoxunun ərzağa xərcləməsi nəyin göstəricisidir?

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, əhali öz gəlirlərinin əhəmiyyətli hissəsini daha çox ərzağa xərcləyirsə, deməli, gəlirlər aşağıdır, yoxsulluq səviyyəsi yüksəkdir və inflyasiya sürətlənib.

O qeyd edib ki, bu arqument aparıcı ölkələrin, eləcə də BMT-nin əhalinin inkişafı və gəlirləri ilə bağlı proqram sənədlərində qəbul olunmuş bir tezisdir: “Əgər insan qazancının 20 faizdən çoxunu ərzağa xərcləyirsə, onun kasıblılıq sərhədinə yaxınlaşması baş verir. Rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisi gəlirlərinin təqribən 55 faizini sırf ərzağa xərcləyir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1 milyon 200 mindən bir qədər çox təqaüdçü var. Onlar ölkə əhalisinin onda birindən bir qədər çoxunu təşkil edir. Ümumilikdə alınan təqaüd və qazancın təqribən 90 faizi ərzağa, dərmana, yanacağa, kommunal xidmətlərə yönəlir. Bəzən də gəlirlər bu xərcləri qarşılamağa yetmir. Bu, çox pis bir göstəricidir. Çünki insanın təhsilə, mədəniyyətə, kitaba, teatra, kinoya, muzeyə xərcləməyə pulu qalmır.

Belə bir tezis var. İnsanın əlində sərbəst vəsait daha çox qalmalıdır ki, o, özünü inkişafa yönəltsin. Məsələn, teatra getsin, kitab alsın, özünü hansısa sahələrdə sınamağa çalışsın, nəyisə öyrənsin və ona pul xərcləsin, səyahət etsin və sair. Bunlar insan kapitalının inkişafına xidmət edən sahələrdir.

Azərbaycan əhalisi gəlirlərinin yarıdan çoxunu ərzağa xərcləyirsə və kommunal xərclərə də 10-15 faizini təşkil edirsə, ikisi birlikdə ortalama 70 faizə yaxın edir. Bu, heç də ürəkaçan mənzərə deyil. Bu, ilk növbədə özünü inkişafa, mədəni istirahətə, insanların qəddini düzəltməyə imkan vermir. Çalışmaq lazımdır ki, Azərbaycanda əhalinin ərzağa xərclədiyi vəsait gəlirinin təqribən beşdə birindən - yəni 20-25 faizdən çox olmasın. Təəssüf ki, Azərbaycanda bu məqsədlər üçün ikiqat artıq vəsait xərclənir”.

Natiq Cəfərli hesab edir ki, qiymət artımın qarşısının alınması üçün ölkədə təbii rəqabətli mühit güclənməlidir: “Rəqabət güclənərsə, qiymətlər tənzimlənər. Çünki inflyasiya gizli vergidir. İnflyasiya nə qədər artırsa, gəlirlərimizi yeyir. Rəsmi rəqəmlərə görə, Azərbaycanda illik inflyasiya 12 faiz civarındadır. Bu, yüksək göstəricidir. Hazırda Avropa ortalaması 5-5.5 faizdir. İnflyasiya aşağı çəkilməlidir və insanların əməkhaqqılarının, təqaüdlərinin artırılmasının yolları tapılmalıdır. Bu, tək dövlət dəstəyi ilə həll olan məsələ deyil. Təbii ki, dövlət üzərinə düşən sosial öhdəlikləri yerinə yetirməlidir. Amma elə bir iqtisadi sistem yaratmağa çalışmalıyıq ki, insan özü-özünə pul qazansın, yəni kiçik və orta sahibkarlıq inkişaf edə bilsin.

İnkişaf etmiş ölkələrdə büdcənin formalaşmasında kiçik və orta sahibkarlığın payı 60-80 faiz arası dəyişir. Azərbaycanda isə bu, heç 10 faizə çatmır. İnsanlar özləri pul qazansalar, dövlətin sosial yükü azalar, əhalinin də gəlirləri artar. Bu nöqteyi-nəzərdən həm inflyasiya ilə mübarizə, həm də əhalinin gəlirlərinin artması hökumətin əsas prioriteti olmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı