6 Oktyabr 2023 16:55
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı qlobal iqtisadi artımın zəif və qeyri-müəyyənliklərin yüksək olaraq qaldığı bir dövrdə problem və riskləri həll etmək üçün qlobal maliyyə sahəsində liderləri bir araya gətirəcək.

Teleqraf.com xəbər verir ki, BVF və Dünya Bankı illik toplantılarını oktyabrın 9-15-i tarixlərində Mərakeşdə keçirəcək.

İclaslarda 190 üzv ölkənin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri, akademiklər bir araya gələcək.

Qlobal maliyyə liderlərinin qatılacağı görüşlərdə COVID-19 epidemiyasının davam edən təsirləri, Rusiya-Ukrayna müharibəsinin qlobal iqtisadiyyatda nəticələri, iqlim dəyişikliyinin artan təsirləri, yüksələn borc səviyyələri və kasıb ölkələrin borclarının yüngülləşdirilməsi kimi məsələlər müzakirə olunacaq.

Mərakeş Mərkəzi Bankından verilən açıqlamaya görə, 14 mindən çox insanın iştirakı gözlənilən toplantılarda qlobal iqtisadiyyatın üzləşdiyi problemlər və maliyyələşdirmə siyasətləri müzakirə olunacaq. Afrikanın, eləcə də qlobal iqtisadiyyatın üzləşdiyi problemlər görüşlərin əsas mövzusu olacaq.

Bundan əlavə, Dünya Bankında islahatlar və BVF-də kvotaların artırılması ilə bağlı inkişaflar izlənəcək.

Gələn həftə keçiriləcək illik toplantılar iyun ayında vəzifəyə başlayan Dünya Bankının yeni prezidenti Ajay Banqanın ilk görüşü olacaq.

Dünya Bankının kreditləşdirmə modeli və maliyyə imkanları üçün islahatlar siyasəti də illik iclasların gündəliyində olacaq.

BVF tərəfində isə üzv ölkələrin ödədiyi kvotaları artırmaqla maliyyələşdirmə səviyyələrini artırmaq üçün danışıqlar aparılacaq.

ABŞ təxminən 17 faizlə BVF kvotalarında ən böyük paya sahib olduğu halda, Çinin payının cəmi 6 faiz olması diqqət çəkir. İki ölkə kasıb ölkələrin borclarının yumşaldılması məsələsində də razılaşmır.

İllik toplantının 50 ildən sonra ilk dəfə bir Afrika ölkəsində keçirilməsi diqqət çəkib. Sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə baş verən zəlzələ nəticəsində 3 minə yaxın insan həlak olub, 6 mindən çox insan isə yaralanıb. Buna baxmayaraq qrup Mərakeşin potensialını hərtərəfli qiymətləndirmək üçün görüşlərin təyin olunmuş tarixdə bu ölkədə keçirilməsi ilə bağlı razılığa gəlib.

Qeyd edək ki, COVID-19 pandemiyası Mərakeş görüşünü 2023-cü ilə təxirə salıb. Hər il oktyabr ayında keçirilən illik toplantılar BVF və Dünya Bankının baş qərargahının yerləşdiyi Vaşinqtondan kənarda, başqa bir üzv ölkənin şəhərində üç ildən bir keçirilir.

BVF və Dünya Bankının illik toplantıları sonuncu dəfə 2018-ci ildə İndoneziyada, 2015-ci ildə Peruda, 2012-ci ildə Yaponiyada və 2009-cu ildə Türkiyədə keçirilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər