22 İyul 2015 22:53
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının iclası keçirilib. "Report"-un məlumatına görə, Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib.

Məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri "Kapital Bank" ASC-nin keçmiş, "Azəri-Türk Bank" ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.

ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın İdarə Heyəti sədrinin müavini və baş maliyyə direktoru Rəşad Tofiq oğlu Hacıyev vəzifəsindən istefa verib.

Məmmədov Elmar Məmməd oğlu İdarə Heyətinin Sədri 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1994-cü ildə isə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub.

2004-cü ilin noyabrından "Kapital Bank" ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından Bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. "Kapital Bank" ASC Müşahidə Şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, "Kapital Bank" ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Ailəlidir, bir övladı var.

Bundan öncə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev olub. Ölkənin ən məşhur və ən təcrübəli bankirlərindən biri olan C.Hacıyev mart ayında istefa verib.


Müəllif: