23 Aprel 2016 13:29
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev BMT-nin Azərbaycan üzrə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları - İnkişaf Proqramı (UNDP), Sənaye İnkişaf Təşkilatı (UNİDO), Mərkəzi Asiya Ölkələri İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və digərləri çərçivəsində mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qulam İsakzaini yeni təyinatı ilə bağlı təbrik edən nazir Şahin Mustafayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyr-daimi üzvü oluğunu xatırlatmış, ölkəmizdə UNDP çərçivəsində 50-yə yaxın layihənin müvəffəqiyyətlə icra olunduğunu qeyd edib.

Bildirilib ki, BMT-nin UNİDO təşkilatı ilə də ölkəmiz arasında yüksək səviyyədə əməkdaşlıq mövcuddur. UNIDO-nun təşkilatçılığı ilə 2014-cü ildə Bakıda "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı keçirilib, tədbir çərçivəsində Azərbaycan Hökuməti və UNİDO arasında əməkdaşlığa dair Çərçivə Proqramı imzalanıb. Aprelin 25-27-də isə Bakıda BMT-nin daha bir tədbiri - Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və bu forum çərçivəsində Biznes simpozium keçiriləcək.

Görüşdə qeyd edilib ki, 2016-cı ildə SPECA-ya Azərbaycan həmsədrlik edir. SPECA-nın növbəti İdarəetmə Şurası və İqtisadi Forumu bu ilin 4-cü rübündə Gəncə şəhərində keçiriləcək.
BMT-nin Azərbaycandakı 2011-2015-ci illər üzrə fəaliyyətinin UNDAF-a əsaslandığını qeyd edən Şahin Mustafayev Çərçivə Sənədinin fəaliyyət müddətinin bitdiyini və növbəti illər üzrə BMT ilə Azərbaycan Hökuməti arasında əməkdaşlığın 2016-2020-ci illəri əhatə edəcək tərəfdaşlıq çərçivəsi (UNAPF) sənədinin layihəsinin hazırlandığını qeyd edib. UNAPF BMT-nin Davamlı İnkişaf Məqsədləri və "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası sənədində göstərilən milli prioritet və hədəflər əsasında tərtib edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdıran nazir Şahin Mustafayev Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə xəttində yaşanan son hadisələr barədə məlumat verib, Ermənistanın münaqişəyə dair BMT-nin 4 qətnaməsinə əməl etməməsinin region üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanın BMT-nin fəal üzvlərindən olduğunu, qurumun bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə təşkilini yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycan və BMT arasında həyata keçirilən proqramlar və əməkdaşlıq barədə danışan Qulam İsakzai əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər