Bakıda Bilgəh qəsəbəsinin “Jumeirah Bilgah” otelində VIII Süd Olimpiadası keçirilir. Azərbaycanda ilk dəfə keçirilən forum Rusiya Kənd Təsərrüfatı Nazirliyinin, Rusiyanın və bir çox digər ölkələrin aparıcı süd istehsalçı və emalçılarının dəstəyi ilə baş tutur.
Forumda dünyanın 14 ölkəsindən 150-dən çox nümayəndə südçülük sahəsində aktual məsələləri müzakirə etmək, texniki və praktiki seminarlara qatılmaq üçün toplaşıb.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Tərlan Əsgərovun sözlərinə görə, son dövrlər Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması və aqrar sahədə əlverişli investisiya mühitinin yaradılması üçün ciddi iş görülür: “Azərbaycan heyvandarlıq məhsulları ilə öz tələbatını böyük həcmdə ödəyir. Düşünürəm ki, ölkəmizin aqrar sahədə ixrac potensialı yüksəkdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün güzəştli şərtlər əsasında lizinq yolu ilə alınan cins damazlıq heyvanlar fermerlərə təhvil verilir, süni mayalama tədbirləri görülür. Forumda çıxışım zamanı ölkəmizə məxsus olan süd məhsulları barədə məlumat verdim. Xarici ölkədən gələn mütəxəssisləri də ölkəmizdə istehsal olunan süd məhsulları ilə maraqlanırlar”.
Beynəlxalq forumda Azərbaycan, Rusiya, Fransa, İsrail, Almaniya, İtaliya, Gürcüstan, Ukrayna, Yeni Zelandiya, Braziliya, Finlandiya, Malayziya, Belarus və Litvadan olan ekspertlər iştirak edirlər.
Forumda yalnız PAK-QİDA MMC-nin 35 növ pendiri sərgilənir.
Azərbaycan Süd İstehsalçıları Assosiasiyasının sədri İslam Hüseynov deyir ki, məqsəd süd məhsulları çeşidlərimizi artırmaq, mozzarella tipli pendirlər istehsal etməkdir.
İslam Hüseynovun sözlərinə görə, 48 ildir südçülük sahəsində çalışır: “İşlədiyim müddətdə Azərbaycanda istehsalına yeni məhsulları təqdim etmişəm. Buna misal olaraq Gəncə dovğasını, qatılaşdırılmış süd məhsullarını göstərmək olar. Planlaşdırırıq ki, kənd təsərrüfatının dəstəyi ilə körpə uşaqlar üçün ionlaşdırılmış süd hazırlayaq. Bir ilə bu layihənin hazır olması gözlənilir”.
Azərbaycan Süd İstehsalçıları Assosiasiyasının sədri deyir ki, forum Azərbaycan məhsullarını xaricə tanıdılması üçün əhəmiyyətlidir: “Forumda süd məhsulları istehsal edən xarici firmalar fəaliyyəti barədə məlumat almaq şansımız var”.
Forumun təşkilatçısı qismində “The DairyNews” süd bazarı xəbərlər informasiya agentliyi çıxış edir.
“The DairyNews”un baş direktoru Mixail Mişşenkonun sözlərinə görə, bu tədbirin Bakıda keçirilməsi üçün böyük dəstək görüblər: “Məqsədimiz Azərbaycan-Rusiya əlaqələri daha da genişləndirməkdir. Respublikanızın daha da inkişaf etməsi üçün böyük potensialı var. Fikrimcə, hər kəs öz ölkəsinin məhsulunun dünya ölkələri arasına çıxarmağa çalışmalıdır”.
Qeyd edək ki, mayın 26-dək davam edəcək tədbirdə dünya süd bazarının qloballaşması, bu bazarın perspektivləri, dünya və lokal pendir bazarlarında müşahidə olunan meyillər, “Uğurlu ferma” layihəsinin tərkib hissələri və bir sıra başqa mövzular müzakirə olunacaq.
P.S. Xatırladaq ki, mayın 23-dən 26-na kimi Bilgəh qəsəbəsində keçirilən forumla bağlı Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında və press-relizlərdə tədbir “IV Yay Süd Sammiti” və “II Beynəlxalq Pendir Forumu” kimi təqdim olunmuşdu. Hətta nazirliyin təmsilçisi Tərlan Əsgərov dünən ondan açıqlama alan müxbirimizi Bilgəhə, forumun keçirdiyi ünvana gəlib fotolar çəkməyi məsləhət görmüşdü.
Bu gün Teleqraf.com-un müxbiri “Jumeirah Bilgah” otelinə yollanıb və artıq yazıda oxuduğunuz kimi yalnız bir firmanın məhsulu ilə qarşılaşıb. Daha maraqlısı odur ki, Kənd Təsərrüfatı Nazirliyinin saytından “pendir forumu” ifadəsi çıxarılıb və tədbir VIII Süd Olimpiadası kimi təqdim olunub...
Görəsən, pendiri kim apardı? Biz ki, Tərlan Əsgərov demişkən, şoru, pendiri milli brendə çevirmək istəyirdik...
İlhamə ƏBÜLFƏT