İngiltərə universitetləri məşhurlara hədsiz heyranlıq hissini XXI əsrin ən ciddi narahatlıqları arasında göstərib. Araşdırmaya görə, Avropada gənclərin 36 faizi məşhur film ulduzu, pop müğənnisi və ya futbolçunu özünə nümunə bilərək onun həyat tərzini təqlid edir. Ancaq bəzən bu mübtəlalıq zərərli olur.
Psixoloq Con Maltbinin araşdırmasına əsasən, məşhur bir şəxsi təqlid etmək psixologiyada pozuntuya yol açır. Bu sindrom bəzi şəxslərdə xarakter dəyişikliyinə də səbəb ola bilir. Araşdırmada deyilir ki, internet və peyk antenaları bu sindromun yayılmasının ən önəmli səbəblərindən biridir.
Televiziya kanalları ulduz adlandırılan adamları gənclərə ideal şəxslər olaraq təqdim edir. Gənclərin məşhurlara duyduğu heyranlıq gələcəkdə müxtəlif problemlərə səbəb olur. Onlar özlərini bundan qorumağa cəhd etməlidir.
İstər Maykl Cekson kimi dünya ulduzlarının şoularında özündən gedənləri, yaxud Türkiyədə Müslüm Gürses konsertlərində damarını doğrayanları, Murat Kekilinin "Bu akşam ölürüm" mahnısına qulaq asıb, intihar edənləri, yaxın aylarda Enrike İqlesiasın qucağına atıldığına görə tənqid olunan azərbaycanlı fanatı nəzərə alsaq, bu məsələnin araşdırılmalı olduğunu görərik.
Psixoloq rəyi
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, gənclərin bu cür heyranlığını və ona uyğun hərəkətlərini ittiham etmək və lağ obyektinə çevirmək düzgün deyil: “Hər halda, onlar ziyanlı bir iş görmürlər, cəmiyyətə ziyan vurmurlar. Adam öldürmürlər ki? Kiməsə fanatlıq edirlər. Bu, sadəcə, həmin məşhura vurğunluqdan irəli gəlir. Onları ailələri və ətraflarındakı adamlar ittiham edəndə daha da pis nəticələr olur.
Yeniyetməlik dövrü fərdin şəxsiyyətinin formalaşmağa başladığı, həyatla, maraqlarıyla bağlı məsələləri təcrübəsiz halıyla idarə etdiyi dövrüdür. Yeniyetmələr ailə, məktəb dostlarının əhatəsində böyüyür. O, özünü həyatda varlıq olaraq yetərli hiss eləmir. Belə olanda bu çatışmazlığın öhdəsindən gəlmək üçün cəmiyyətin ideallaşdırdığı, bəyəndiyi şəxsləri özlərinə model olaraq seçirlər. Bu adamlar sənət, siyasət, idman sahəsindən ola bilir. Bunun adı ideallaşdırmaqdır. İdeallaşdırdıqları şəxsləri görəndə də qeyri-adi reaksiylar verə bilirlər.
Bəzən yeniyetmə və gənclər vaxtlarının çox hissəsini öz ideallarına sərf eləyir və belə desək, öz həyatlarının unudurlar. Belə vəziyyətdə gərək valideynlər onları ittiham etməsin. Onda onlar yolunu itirir, arada qalaraq özlərinə zərər vururlar. Ona görə də gəncin daha çox həmin məşhurda nə tapdığı, nəyi sevdiyi müzakirə oluna bilər. Bu da onun özündə nəyi əksik gördüyünü ortaya çıxarar”.
Bəs bizim məşhurlar? Onların fanatı varmı?
Aktrisa Firəngiz Mütəllimova Azərbaycanda sənət adamına bu dərəcədə heyran olaq şəxslərin olmadığını deyir: “Bizdə kiminsə fanat ordusunu görmüsünüz? Mən görməmişəm. Aktyor, aktrisa, müğənni fərqi yoxdur, görmüsünüzmü ki, o gedəndə kimsə onun üstünə hücum çəksin?
Pərəstişkarlar, sevənlər var. Fanat var, o da bir-iki nəfər. Mən məni sevən, hörmət edən şəxslər görmüşəm. Bəziləri səhifəmə yazırlar ki, sizin fanatınızam. Amma mən onları nə tamaşamda görməmişəm, nə də başqa bir yerdə.
Yadıma gəlir ki, AzTV-nin tamaşalarında oynayan vaxtlarda teatra yeşiklərlə məktublar, güllər gəlib. Yaxud bilet alıb tamaşama gəliblər. Mən olan şeyləri danışıram, olmayanları danışmıram. Deyə bilmərəm ki, mən gedəndə arxamca fanat ordusu gəlir, bu, yalan olar. Təsəvvür edin ki, Azərbaycanda elə aktyor və aktrisalar var, xalq artisti adını alıb, amma xalq onu tanımır”.
Qeyd edək ki, tanınmış aktrisa Naibə Allahverdiyeva bir neçə gün öncə saytımıza açıqlamasında azərbaycanlı fanatlar barədə öz fikirlərini bölüşmüşdü. Aktrisa sevənlərini qısqandığını demişdi: “Sizə bir sirr açım, mən izləyicilərimi qısqanıram. Təbiətim etibarı ilə çox qısqancam. Amma sevənlərimi xüsusilə qısqanıram. Bir gün məclislərin birində bir xanım yanıma gəldi, şəkil çəkdirdi, o qədər gözəl sözlər dedi ki, əriyib getdim. Mən fikirləşdim ki, bu, mənim həqiqətən pərəstişkarımdır.
Bir neçə dəqiqə sonra bir başqa aktrisanın yanına getdi, başladı onunla şəkil çəkdirməyə...Və hiss elədim ki, ona da o sözləri deyir. Qayıtdı gəldi yanıma ki, yenə şəkil çəkdirsin, razılaşmadım. Dedim, qızım, mən şəkildə çox çirkin düşürəm. Hadisə mənə çox pis təsir etdi. Məni sevən ancaq məni sevməlidir.
Başqa bir fanatım vardı, əvvəl tanınmayan sonra bir serialla məşhurlaşan bir aktrisaya yazmağa başladı. Məndən soruşdu ki, ona yazdığıma görə məndən incimirsiniz ki...Yazdım ki, inciyirəm. Əgər sən onunla əlaqə qurursansa, ona fanatlıq edirsənsə deməli mənim fanatım deyilsən. Və mən onu bloka atdım. Mənim fanatlarım başqalarının şəkillərinin altına nəsə yazırsa mən onu fanat hesab etmirəm. Fanat bir sənət adamını sevməlidir. Əsl fanat odur.
Mənim bir neçə fanatım var ki, onların səmimiliyə çox inanıram. Həttə deyirlər ki, Naibə xanım biz sizin üçün ölümə belə gedərik. Bu adamlar tək Azərbaycanda deyil, Dağıstanda da var. Hətta sizə deyim ki, ən yaxşı fanatım 15 yaşlı Amaliya Dağıstanda yaşayır. Bax, o, mənim əsl pərəstişkarımdır. Baxmayaraq ki, mən bəzən ona cavab vermirəm, yazdığına etinasız da yanaşıram, amma o, bütün kaprizlərimə dözür. Əhvalım pis olanda səbəbini öyrənmədən rahat olmur”.
Sevinc Fədai