Son dönəm çəkildiyi seriallarla məşhurlaşan Sarp Levendoğlu Türk Film Həftəsi çərçivəsində Bakıya gəlib.
Sarp Levendoğlunun Teleqraf.com-a özəl müsahibəsini təqdim edirik.
-Sarp bəy, Bakıya xoş gəlmisiniz. Bu gün instaqram səhifənizdə Fəxri Xiyabandan şəkil paylaşmısınız. İlk gəlişiniz olduğuna görə təəssüratlarınızı bilmək maraqlıdır.
-Bəli, Bakıya ilk gəlişimdir. Doğrusu, dünən çox gec saatlarda gəldik, səhər radio verilişində çıxış etdik, sonra da hazırlanıb bura gəldik. Hələki, Bakını yaxşı gəzə bilməmişik, amma gördüyüm qədər şəhəriniz çox gözəldir.
Ondan başqa bizi çox gözəl qarşıladınız, çox qonaqpərvərsiniz, buna görə çox təşəkkür edirik. Ümid edirəm ki, burda olduğumuz müddətdə Bakını daha yaxından görə biləcəyik.
-Türk Film Həftəsi çərçivəsində sizin baş rolunu oynadığınız “Dəliormanlı” filmi nümayiş olunacaq. Filminizi tamaşaçılara necə tanıda bilərsiniz?
-“Dəliormanlı” mənim çəkildiyim ikinci filmdir. Film keçmiş boskçunun yenidən rinqlərə qayıdıb, rəqiblərindən intiqam almasından bəhs edir. Bu rol üçün xüsusi boks məşqlərinə gedib, saatlarla onun incəliklərini öyrənmişəm. Film ötən ilin aprel ayında geniş ekranlara çıxdı. Bilirəm ki, Bakıda da nümayiş olunub. İnternet vasitəsilə filmlə bağlı Azərbaycandan maraqlı reaksiyalar aldıq, bu, çox xoşumuza gəldi. Ona görə bura gəlib filmi tamaşaçılarla birgə seyr etmək istədik.
-Bəs filminizə Türkiyədə olan reaksiyalardan razı qaldınızmı?
-Düzünü desəm, “Dəliormanlı”nın ekranlara çıxması Türkiyədə xoşagəlməz olayların baş verdiyi vaxta düşdü. Əlbəttə ki, bu da filmə təsirsiz ötüşmədi. Amma film televiziya kanallarında yayımlanandan sonra çox bəyənildi. Filmin prodüseri, rejissoru, eləcə də mən bu filmi çəkdiyimizə görə çox məmnunuq.
-“Dəliormanlı”da həyat yoldaşınız, aktrisa Bircə Akalayla çəkilmisiniz? Və bu sizin tərəfmüqabili olduğunuz növbəti layihə idi. Deyəsən, Bircə xanımla birgə oynamaq çox rahatdır.
-Elədir ki, var. Bircə çox istedadlı aktrisadır. Eyni zamanda da onunla çalışmaq çox rahatdır. Onunla çəkiliş meydançasında enerjimiz yaxşı tutur.
-Birgə həyatınız necə keçir?
-Hər şey yaxşıdır. İşlərindən dolayı Bircə Bakıya gələ bilmədi, çünki bu mövsüm “Hayat bazan tatlıdır” adlı yeni bir serialda çəkilir.
-Həmin serialı izləyirsinizmi?
-Bircə xahiş etsə baxıram, etməsə baxmıram. Düzü, serialları izləmirəm, heç özüm çəkildiyim serialları da izləməyə fürsətim olmur.
-İkiniz də göz önündə olan sənətçilərsiniz. O sizi, siz onu qısqanırsınızmı?
-Yox, Bircə niyə qısqansın ki... Nə mən onu , nə də o məni qısqanır. İkimiz də işimizi görürük. Bu, bizim peşəmizdir, niyə qısqanmalıyam ki...
-Bəs niyə tez-tez mətbuatda sizin ayrıldığınıza dair xəbərlər yayılır?
-Bəli, belə xəbərlər tez-tez yazılır. Artıq o xəbərlərə fikir vermirik. Saytların, qəzetlərin maqazin səhifələrinə çox baxmamağa çalışıram.
-İkiniz də sosial media hesablarınızın aktiv istifadəçisiniz.
-Mənim yalnız instaqram hesabım var. Orda da getdiyim, gördüyüm, sevdiyim yerlərin fotolarını paylaşıram.
-Sarp bəy, bu mövsüm Fahriyyə Evcənlə bir serialda çəkiləcəksiniz. Hansı rolu canlandıracaqsınız?
-Bakıdan Türkiyəyə qayıdan kimi serialın çəkilişlərinə start verəcəm. Artıq çəkilişlərimiz başlayıb. “Asaretin bedeli” adlı seriala Engin Akyürək, Fahriyyə Evcən və Gülcan Aslanla birgə çəkilirəm. Serialın ssenarisi haqsız olaraq həbsxana həyatı yaşamağa məcbur olan birinin intiqam hekayəsi üzərində qurulub. Mən də serialda pis adamı canlandırıram. Əslində onu pis adlandırmağın tərəfdarı deyiləm, çünki həyat bizi istəmədiyimiz bəzi olayların içinə ata, bəzi mənfi addımlar atamağa məcbur edir. O anlamda mənim yaratdığım obraz üçün uğura gedən hər yol mübahdır. O hər zaman bu məntiqlə hərəkət edir. İlk dəfə televiziya ekranında belə sərt bir obrazı canlandıracam.
Güman edirəm ki, serial yanvar ayında ATV-də nümayiş olunacaq.
-Hansı Azərbaycan filminə baxmısınız? Ümumiyyətlə, filmlərimiz barədə məlumatınız varmı?
-Keçmiş filmləriniz barədə məlumatım var. Təəssüflər olsun ki, Azərbaycan kanalları bizdə yayımlanmadığına görə filmlərinizi də təqib edə bilmirik. Bu yaxınlarda Meral Konratın oynadığı “Təhminə və Zaur” filmini izlədim. Çox təsirli, çox gözəl filmdir. Filmdə qoyulan problem hər kəsin başına gələcək bir problemdir. Yəni bu yalnız Azərbaycana aid etmək olmaz. O baxımdan bütün dünyada baxıla biləcək bir filmdir.
Burda çox yaxşı insanlarla tanış oldum və çox istərdim ki, gələcəkdə birgə filmlərimiz çəkilsin.
Nərmin Muradova
Fotolar: Elçin Murad