Əməkdar incəsənət xadimi, Bəstəkar Nailə Mirməmmədli 2017-ci il üçün planlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bəstəkar bu il tanınmış sənətçilərlə iş birliyi quracağını söyləyib. O, hazırda əməkdar artist Röya Ayxanla yeni mahnı üzərində çalışdıqlarını qeyd edib: “Detalları açıqlamayacam, amma körpələrə aid mahnı yazırıq.
Bundan başqa Faiq Ağayev, Niyam Səlami, Babək Niftəliyevlə maraqlı iş birliyimiz olacaq. Brilliant Dadaşova ilə yarımçıq işlərimiz var, onu bitirəcəyik. Gülyanaq və Gülyaz Məmmədovalar üçün “Qələbə marşı” yazmışam, yaxın zamanlarda bu mahnını efirdə eşidəcəksiniz”.
Bəstəkar 20 Yanvar və Xocalı faciəsinə həsr olunan və Şuşaya aid musiqilər bəstələdiyini vurğulayıb: “Dənizdə həlak olan neftçilərimizin xatirəsinə musiqi ithaf etmişəm. Bu mahnını Mətanət Əsədova, Vasif Məhərrəmli, Gülay Zeynallı və Niyam Səlami ifa edəcək. Mən nəinki Azərbaycandakı, eləcə də dünyadakı hadisələrə biganə qala bilmirəm. Türkiyədəki terror aktları məni ağrıdır, Hələbdə uşaq ölümlərinə çox üzülürəm. Biz Xocalı dəhşətlərini yaşamışıq, əzab-əziyyəti, qəzəbi görmüşük. Bu baxımdan uşaqların dilindən “terrora yox” deməyi düşündüm”.
Nərgiz