25 Avqust 2017 20:42
4 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur sənətçisi Tarkanın böyük əmisinin Azərbaycan mühacirəti ilə yaxın əlaqələri olub.

Tarkanın babasının qardaşı, Türkiyənin tanınmış siyasətçisi Fethi Tevetoğlu qardaş ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri ilə yaxın münasibətlər qurub.

F.Tevetoğlu 31 yanvar 1916-cı ildə doğulub. Onun atası, yəni Tarkanın dədəsi Ali Dursun Kaptan Türkiyənin tarixində önəmli rol oynamış Təşkilatı-Mahsusanın üzvlərindən olub. Fethi bəy də atasının izindən davam edərək millətçi dünyagörüşə sahiblənib, Nihal Atsız, Alparslan Türkeşlə bir cəbhədə mübarizə aparıb, 1944-cü il hadisələrində (kommunistlərlə türkçülər arasındakı qarşıdurma) həbs edilib.

Tevetoğlu “Kopuz”, “Atsız”, “Türk Kültürü”, “Orhun”, “Türk Sazı”, “Çınaraltı”, “Ülkü”, “Toprak”, “Hayat” jurnallarında, “Tasvir”, “Yeni İstanbul”, “Son Havadis” qəzetləri ilə əməkdaşlıq edib, “Kommunizmlə mücadilə dərnəyi”nin qurucularından olub.
1957-ci ildə Menderesin Demokrat Partiyasından siyasətə gəlib, qurumun Samsun şöbəsinin rəhbəri olub. 1961-1974-cü illərdə Samsun cümhuriyyət senatoru kimi fəaliyyət göstərib. Müxtəlif vəzifələrdə təmsil olunan F.Tevetoğlu 1989-cu ildə vəfat edib. İyirmiyə yaxın kitabın müəllifidir.

F.Tevetoğlu Türkiyə himninin müəllifi Mehmet Akif Ersoyun nəşini türk bayrağına bürüyüb məzara qoyan iki nəfərdən biridir.
Mühacirət jurnallarında yazılan məlumatlardan bəlli olur ki, F.Tevetoğlu Azərbaycan mühacirlərinin təşkil etdiyi tədbirlərdə iştirak edib, bolşevizmlə mübarizədə həmyerlilərimizin yanında olub.

Məsələn, aşağıda təqdim etdiyimiz foto Tevetoğlunun 1962-ci ildə 27 apreldə Ankarada Türk Ocağında Azərbaycan Cümhuriyyətinin ruslar tərəfindən işğalının 42-ci ildönümündəki çıxışında çəkilib. Həmin tədbirin açılışını isə Cümhuriyyətin sonuncu daxili işlər naziri, mühacir Mustafa Vəkiloğlu edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər