"Bütün məni sevən, dəstək olan hər kəsi salamlayıram. Çoxdan arzusunda olduğum "Survivor" yarışması mənim üçün gözəl bir macəra oldu".
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə "Survivor" yarışmasında iştirak edən, kikboksinq üzrə altıqat dünya çempionu, "Kobra” ləqəbli Pərviz Abdullayev yazıb.
O, yarışda ona dəstək olanlara təşəkkür edib: "Yarışmada keçirdiyim zaman ərzində həmvətənlərimin və türk qardaşlarımın dəstəyini daim hiss etdim. Mənə qarşı olan inamınızı bacardığım qədər doğrultmağa çalışdım, həm performansım, həm də xarakterimlə.
Orada türk dostlarımın mənə qarşı hörməti və sizin sevginiz sayəsində özümü heç də qəriblikdə hiss etmədim. Bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən iki dövlət, bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var.
Bu yarışma mənə yaxşı dostlar qazandırdı. Onlara da yarışmada və şəxsi həyatlarında uğurlar arzulayır və bütün "Survivor" kollektivinə minnətdarlığımı bildirirəm. Siz əziz həmvətənlərimə də qəlbinizlə daim yanımda olub, məni dəstəklədiyiniz üçün çox təşəkkür edirəm!"
Qeyd edək ki, Pərviz Abdullayev "Survivor" yarışmasında "Ünlülər" komandasında oynayıb. O, yarışda iki ay iştirak edib.