Aparıcı Turan İbrahimov müəllimlərin müdafiəsinə qalxıb.
Teleqraf.com xəbər verir ki, Turan İbrahimov sosial şəbəkədə bu sözləri yazıb: "Məktəbli vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik, valideynimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Haqqına…Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə, yerimizi bilmişik, başqasının da yerini dar etməmişik.
Bu nədir? Müəllimlər uşağa səsini qaldıran kimi, sosial şəbəkələrdə hay-küy qopur. Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik institunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb, daha da azğınlaşacaq.
Şəxsən mən oğluma demişəm ki, “eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə”. Müəllim haqsız olsa belə, bunu böyüklər həll etməlidirlər. Uşaqlar üçünsə haqlı olan, həmişə müəllim olmalıdır".
Qeyd edək ki, bir neçə gün öncə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərə əl qaldırması sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.