Türkiyənin məşhur aktyoru, "Kuruluş Osman" serialında Səncər Alp obrazını oynayan Fatih Osmanlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Fatih bəy, Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi və Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə "Bakı Türk Filmləri Həftəsi" çərçivəsində ölkəmizə qonaq gəlmisiniz. Təəssüratlarınızı eşitmək istərdik.
- Azərbaycana ilk dəfə gəlirəm. Həqiqətən Bakıya gəldiyimə görə çox şad oldum, özümü evimdə hiss edirəm. Buradakı qardaş-bacılarımla görüşməyi çox arzulayırdım.
- Azərbaycan serial və filmlərini izləmisinizmi?
- Əvvəl bir neçə film izləmişəm, onların adlarını xatırlamıram. Azərbaycanın komediya janrında çəkilən filmlərə baxmışam. Məsələn, "Məhəllə" filmindəki Qüdrət obrazına çox gülürəm.
- Qüdrət obrazı əməkdar artist Rafael İsgəndərov canlandırıb. Nə vaxtsa onunla layihə edə bilərsinizmi?
- Layihəmiz ola bilər. Niyə də olmasın?! Həqiqətən onun obrazı çox xoşuma gəlir. Əhvalım olmayan zaman "Məhəllə" filmini izləyirəm. Təbii ki, çox film izləməyə vaxtımız olmur. Layihələr başlayan zaman gərgin iş rejimində çalışırıq. Ssenari yazmalıyam, bununla yanaşı öz layihələrimi işləyirəm. Mart ayında qısa filmə başlayacam. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Axıska türklərinin həyatından bəhs edən qısametrajlı film çəkəcəyik.
Film Türkiyədə və Azərbaycana yaxın Ağrı dağı tərəfdə çəkiləcək. Oranın coğrafiyasını da ekrana çıxarmağımız lazımdır.
- "Kuruluş Osman" serialında Səncər Alp obrazını canlandırırsınız.
- Bəli, obrazım çox sevilir. Bu obraza görə sosial şəbəkədə mənə çoxlu mesaj yazırdılar.
- Azərbaycanlı kikboksçu Zabit Səmədov da "Kuruluş Osman" serialında Gəncə bəy obrazını canlandırıb.
- Bəli, Zabit Səmədov da "Kuruluş Osman"da oynayırdı. Onu yaxşı tanıyıram və çox sevdiyim, hörmət etdiyim bir qardaşımdır. İnşallah, qardaşlığımızı möhkəmləndirək və daha da irəli aparaq.
- Azərbaycanın Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, "Kuruluş Osman" serialını çəkən "Bozdağ" film şirkəti Azərbaycanla bağlı film çəkəcək. Siz orada rol alacaqsınızmı?
- Hələlik bu haqda danışmamışıq. Elə bir təklif gələrsə, dəyərləndirərəm. Axıska türkü olduğum üçün Azərbaycan şivəsində danışmaq mənə asandı.
- Azərbaycan dilində hansı sözləri bilirsiniz?
- "Necəsən..."
- Qarabağ zəfərimizlə bağlı nə deyə bilərsiniz?
- Həyatımda ən çox qürurlandığım hadisələrdən biri Qarabağ zəfəridir. O zaman sevincimi sosial şəbəkədə günlərlə, həftələrlə paylaşdım. Eləcə də Azərbaycanda yaşayan dostlarıma, qardaşlarıma zəng edib, təbriklərimi çatdırdım. Hər paylaşımımda "Qarabağ bizimdir! Qarabağ bizim torpağımızdır və əbədi bizim torpağımız olacaq!" sözlərini yazırdım, təkrar burada da demək istəyirəm.
Bütün Azərbaycan qardaş və bacılarıma çoxlu salamlarım var, Allah birliyimizi, dostluğumuzu, qardaşlığımızı daim eləsin. Hamınızı Allaha əmanət edirəm.