7 Aprel 2023 00:25
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlayıb. Siyahıda müğənni Gübay İbrahimlinin "O kimdir ki?!" mahnısı da yer alıb.

Teleqraf.com xəbər verir ki, Günay İbrahimli İnstaqramda mahnısının siyahıda yer almasına etirazını bildirib:

"Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm. Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının heç bir izah gətirmədən mənim ifamı və adımın o siyahıya salmaları, ehtimal ki, qərəzdən doğur. Narkotiki, pis əməlləri, cinayəti, özünə qəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olmasını mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm. Qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa kitaba istinad edirlər. Təsadüfə baxın ki, hansısa “mübariz” bir şəxs o kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu addımı atıb. Nəysə. Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, "ziyalı", guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi ki, mənim “O kimdi ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya özünə qəsd etmə səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər varmı? Təbii ki, bu yanaşma mənə qarşı böhtandır. O şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasını oxumağa dəvət edirəm. Kimisə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var. Buna qarşı deyiləm. Amma heç bir istinad, əsas gətirmədən adımın hallanmasını şəxsimə qarşı qeyri-etik davranış olaraq qiymətləndirirəm. Monitorinq Mərkəzi işini sanballı, peşəkar mütəxəssislərə həvalə etmədikcə, kimlərinsə şəxsi qərəzini, zövqünü etalon qəbul edib, qaralama aparacaqsa, bu işi görməsə yaxşıdır.

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 51. Yaradıcılıq azadlığı

I. Hər kəsin yaradıcılıq azadlığı vardır.

II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər