19 Aprel 2023 17:20
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçqat Dünya çempionu, dördqat Avropa çempionu olan Hacı Əliyev Teleqraf.com-un suallarını cavabılandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hacı bəy, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Bolqarıstan idmançısı Ramazan Ramazanova qalib gələrək güləş tarixində dördüncü dəfə Avropa çempionu oldunuz. Təəssüratlarınızı eşitmək istərdik.

- Mənimlə birlikdə hamı sevinir. Böyük uğurdur, sözsüz ki, dördüncü dəfə Avropa çempionu kimi tarixə düşmək sevindirici haldır. İndiyə qədər üç dəfə Dünya çempionu olmuşam. Böyük uğur idi, indi də təkrarlandı. Çox sevinirəm ki, bu qələbə illərlə zəhmət çəkməyimin nəticəsidir. Heç nə həyatda birdən-birə olmur. İllərlə çalışmaq lazımdır.

Dördüncü dəfə Avropa çempionu tituluna yiyələnməyim təsadüfi deyil, bunu gözləyirdim. Avropa çempionatına hazır idim. Allaha şükürlər olsun, məşqə necə yaxşı hazırlaşdımsa, burda da özümü göstərə bildim. 70 kiloqram çəki dərəcəsində Ramazan Ramazanova qalib gəldim. İlk dəfə idi ki, 70 kiloqram çəki dərəcəsində güləşirdim.

Hamı bilir ki, Olimpiya oyunlarında 65 kiloqram çəki dərəcəsində güləşirəm. Finaldakı rəqibim qeyd etdiyiniz kimi əslən dağıstanlı olan Bolqarıstan idmançısı Ramazan Ramazanov idi. Çox güclü rəqiblərdəndir. Allaha şükürlər olsun ki, öhdəsindən gəldim.

- Növbəti hədəfləriniz nələrdir?

- Əsas hədəf bu il Dünya çempionatıdır. Dünya çempionatında mütləq şəkildə yer tutmaq lazımdır. Qismət olsa, dördüncü dəfə Dünya çempionu olacam. Qalib ola bilməsəm də yer tutmaq lazımdır. Çünki bu dəfəki Dünya çempionatı gələn il Parisdə keçiriləsi 2024-cü il Yay Olimpiya Oyunlarına vəsiqə qazanır. Ona görə Dünya çempionatında istər mən, istərsə də komanda yoldaşlarım yaxşı güləşməliyik. Çünki Yay Olimpiya Oyunlarına çox az vaxt qalıb. Hədəfimiz Dünya çempionatıdır.

- Dördqat Avropa çempionu kimi ilk təbriki kimdən aldınız?

- Komanda yoldaşlarım, məşqçilər, Federasiya rəhbərliyi yanımda idi, onlar təbrik etdilər. Yarışa gedəndə telefonu götürmürəm. Həmişə telefonu otaqda qoymağa çalışıram. Otağa qayıdanda ilk olaraq atamla danışdım, çünki hamı bilir ki, güləşə gəlməyimdə ən böyük səbəbkarım atamdır. Ondan sonra ailə üzvləri, dostlar, qohumlar... Ən vacibi, sözsüz ki, atam və anamın təbriki idi.

- Bəs, idmançılardan sizi kimlər təbrik etdi?

- Rəşad Sadıqov, Rafael Ağayev, Zabit Səmədov, Eduard Məmmədov, İlham Zəkiyev və demək olar ki, bütün tanınmış idmançılardan təbrik aldım, sağ olsunlar. Mən də onlara təşəkkür edirəm, uğurları bol olsun.

Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Biz bir daha sübut etdik ki, Azərbaycan idmanı doğrudan da güclüdür, inkişaf edir. İnşallah, gələcəkdə də yüksək nəticələr göstərəcəyik.

- Valideynləriniz sizin yarışınızı izləyirdi?

- Xeyr. Əvvələr yarışlarımı izləyəndə narahat olurdular. Çempion olduqdan bir neçə il sonra buna öyrəşdilər. Buna baxmayaraq onlar hər dəfə yarışlarımı izləyəndə narahat olurlar, həyəcan keçirirlər. Ona görə də çalışdığım qədər oyunlarıma baxmaqlarını istəmirəm.

Doğrudan da hər bir adam yaxınının yarışlarda iştirakını görəndə həyəcanlanır. Bizim komanda yoldaşlarımızdan kimsə güləşəndə mən də həyəcan keçirirəm onun əvəzinə. Özüm güləşəndə isə qətiyyən həyəcan olmur.

- Avropa çempionatında qələbənizə mənfur düşmənlərimizin reaksiyası necə oldu?

- Ermənilərin yanaşması tam fərqli idi. Biz qalib ölkənin qalib idmançılarıyıq. Artıq onlar bizi görəndə həm əsəbiləşirlər, həm də özlərini sakit aparırlar. Əvvəl tamam başqa cür davranırdılar. Şükür ki, gücümüzü müharibə meydanında da onlara göstərdik.

İdman sahəsində öz gücümüzü həmişə göstərmişik və yenə göstəririk. İrəvanda Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində iyrənc hərəkət etdilər, Azərbaycan bayrağını yandırdılar. Bu, çox səviyyəsiz hərəkətdir. Bayrağı yandırmaq çətin məsələ deyil, onların bayrağını balaca uşağa da versək yandırar. Bayraq yandırmaqla iş bitmir, güclü dövlətsənsə, gücünü müharibədə nümayiş etdirərdin.

Düşünürəm ki, idmanda belə hərəkətlər qətiyyən olmaz.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər