"Heç vaxt oğlum Anar Həşimovun belə bir hadisə törətdiyini gözləməzdim. O, qarışqanı belə incitməzdi. Gəlinim hər il gəlirdi, uşaqla üç gün bizdə qalırdı. Yalnız bu il gəlmədi. Aramızda problem yox idi. Yaqutu çox istəyirdim, bacımın balası idi. Kaş oğlum Yaqutu öldürməzdi, bacımın yanında xəcalət çəkirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Bizimləsən" verilişində həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən 43 yaşlı müğənni Yaqut Həşimovanın qayınanası Tahirə Həşimova deyib:
"Evliliyə özləri qərar vermişdilər, bir-birini sevirdilər. Sonra mən bacım Rənanın evinə elçi getdim. Evləndilər, övladları oldu. Oğlumdan vəziyyəti soruşanda deyirdi ki, yaxşıdır. Başqa bir kəlimə də danışmırdı. Aralarında nə baş verirdi, bilmirəm. Mən də pis olmuşam.
Amma böhtan atılır ki, zərərli vərdişi var, evdən, qızıl-pul oğurlayıb. Cinayəti törədib, cəzasını da çəkəcək. Qalanları yalan və böhtandır. Oğlumu bağışlamıram. Heç vaxt oğlumun ailəsinin dağılmasını istəməmişəm".
Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olub. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınıb.