Aktyor Elşən Orucov “Pərvizə görə” verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, Türkiyədə “Mən bu cahana sığmaram” serialında rol almasından danışıb:
“Ozan Akbaba ilə münasibətimiz çox yaxındır. Hər dəfə deyirdi ki, istəyirəm Türkiyədə yanımda olasan, çünki başa düşürəm ki, sizin kino bazarı kiçikdir. Başqa işlə bağlı İstanbuldaydım. Ozan dedi, restoranda görüşəcəyik, sən də gəl, Oktay Kaynarcayla tanış edim. Ondan əvvəl hamı bizim Ozanla Qarabağda çəkdiyimiz “Nə oldu, Paşinyan?” videosuna baxmışdı və məni tanıyırdı. Oktay Kaynarca mənə dedi ki, çox istəyərdim, hansısa layihəmizdə iştirak edəsiniz".
Aktyor şəxsi həyatı ilə bağlı bu sözləri deyib: “Subaylıq yaxşıdır, işimlə məşğulam. Əvvəllər də işimlə bağlı evə gec gedirdim, yatırdım, yenə işə gedirdim. Evdəkiləri görmürdüm. İndi tək yaşayıram, amma anamgillə qonşuyam. Bir binada ayrı-ayrı bloklarda yaşayırıq".
Elşən qızı Selinlə bağlı da danışıb: “O hissi ata olmayınca başa düşmək olmur. Çox möcüzəvi hissdir. İnsan yaşa dolduqca daha da təkmilləşir. Uşaq olanda insanın formalaşmağı sürətlənir. Bəzi nüanslar var ki, onları yaşamayınca, doğmaların da desə, başa düşmürsən. Valideyn olandan sonra anlayırsan. Qız atalarına deyərdim ki, əslində, siz xoşbəxtsiniz, çalışın, övladınızı xoşbəxt edin. Çünki belə bir deyim var ki, ataların etdiyi səhvlərin əziyyətini övladları çəkir".
Elşən Orucov xalq artisti Röya Ayxanla dostluğundan danışarkən deyib: “Röya Ayxanla dostluğumuz yaxşıdır. Arada zəng edir, danışır ki, sən beləsən və sairə. Sonra da telefonu söndürür. Sakit qulaq asıram, heç nə demirəm. Sonraki gün yazır ki, nə var, nə yox, neynirsən? Küsməyi yadından çıxır.
Mən Röyanı çox istəyirəm. Həyatımda böyük rol oynayır. Bir qadın kimi… Ona arada deyirəm ki, sənin içində həm də bir kişi yatır. Çünki Röya dostluğu o qədər yaxşı bacarır ki. Mən bəzi kişilərdə heç onu görməmişəm. O, dostlarına görə hər şeyə hazır olan adamdır. Baxmayaraq ki, Röyayla aylarla görüşə bilmirik. Lakin hər zaman bir-birimiz haqqında məlumatımız olur. Röya həyatımda həm dost, həm sevilən müğənni kimi böyük rol oynayır".