15 Oktyabr 15:01
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülnarə Xəlilovanın "Miniatür" kolleksiyası VII Türk dünyasının "Qadın və moda" etnomoda həftəsi çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhərində təqdim olunub.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın orta əsr etüdləri, xalça naxışları, Qarabağ motivlərinin nümayiş olunduğu "Miniatür" kolleksiyası böyük maraqla qarşılanıb.

Tədbirdə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, dövlət və ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirak ediblər. Tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Şimali Kipr Sahibkar Qadınlar Assosiasiyasının dəstəyi ilə TÜRKSOY tərəfindən təşkil olunub. Əsas məqsəd türk dövlətlərinin mədəni əlaqələrini gücləndirmək və qədim ənənələri nümayiş etdirməkdir.

On iki ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində master-klasslar və dizaynerlərin əsərlərindən ibarət sərgi də keçirilib. Sonda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar türk dünyasının zəngin mədəni irsini yüksək qiymətləndirib və dizaynerlərə xatirə ödülü təqdim edib.

Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin yaradısıdır.

Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə Moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər