Xalq artisti Aygün Kazımovanın ölkədən kənara çıxmasına qadağa qoyulub.
Bu barədə Teleqraf.com-a Natavan Həbibinin vəkili Fərid Həsənov məlumat verib. Vəkil qeyd edib ki, oktyabrın 1-də Nəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulması haqqında qərar çıxarıb. Səbəb xalq artisti tərəfindən məhkəmə qətnaməsinin tam formada icra olunmamasıdır. Qətnaməyə əsasən, A. Kazımova N. Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Amma xalq artisti qətnaməni tam formafa icra etməkdən boyun qaçırır.
Vəkil onu da qeyd edib ki, hamı qanun qarşısında bərabərdir: "Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə, ölkədən kənara çıxması mümkün olmayacaq".
Müğənni Natəvan Həbibinin vəkili Fərid Həsənov xalq artisti Aygün Kazımovanın Nəsimi rayon Məhkəməsinin ölkədən çıxışına qadağa ilə bağlı qərarın yalan olması haqqında açıqlamasına da münasibəta bildirib. Vəkilin açıqlamasına görə, Nəsimi rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 1 oktyabr 2015-ci il tarixli iş 08(006)1148/2015 saylı qərarı ilə xalq artistinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Və A.Kazımova məhkəmə qətnaməsini icra edənədək ölkədən kənara çıxması qadağan edilib.
Vəkil onu da bildirib ki, bu son deyil, məhkəmə qərarı yenə icra edilməsə, Aygün Kazımova haqqında başqa məcburi tədbirlər görüləcək.
Aygün Kazımova isə ölkədən kənara çıxmasının qadağan edilməsi haqqında qərarın yalan və əsassız olduğunu bildirib. Bundan sonra isə N. Həbinin vəkili rəsmi açıqlama yayıb.
Qeyd edək ki, N. Həbibi A. Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməldir.
A.Kazımova isə qeyd etmişdi ki, Natavan Həbibinin erməni olduğunu bildirib: "Lakin araşdırmadan sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natavan Həbibi barədə dediyimi təkzib edirəm".
Rəqsanə