“Mən şou-biznesin akulasıyam və hər kəs özünü gözləsin. Şou biznesdə olan əjdahalar mifdir, akula isə canlıdır. Burdan çıxan kmi primadonna İlhamə Quliyevanın ziyarətinə gedib ondan xeyir-dua alacağam. Ondan sonra görüm kim qarşımda duruş gətirəcək”.
Publika.az xəbər verir ki, bu sözləri operamızın Koroğlusu olan Ülvi Qılıncdan dərs alan gənc vokal ifaçısı Ay özünün klip təqdimatında söyləyib. Sözləri və musiqisi bəstəkar Arif Səlimova məxsus olan “Eşq dəlisi” adlı mahnının ekran versiyası tanınmış rejissor Rəhman Əliyevin yozumunda ərsəyə gəlib.
Bu vaxta qədər Azər Nəsibovun musiqiləri ilə tanınan müğənni şou-biznesdə qalmaqallarla deyil, sənətlə gündəmdə qalacağını da deyib:
“Mənim qalmaqala ehtiyacım yoxdur, çünki heç kimdə olmayan vokal səs imkanlarım var. Heç kimin kölgəsində də tanınmaq istəmirəm. Amma mənə qarşı sərt davranan həmkarlarımı akula kimi udmağa hazıram”.