Nizami Kino Mərkəzində "Şər qarışanda" filminin qala gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, ekran əsərinin baş rollarını rəqqasə Oksana Rəsulova və xalq artisti Ramiz Novruz canlandırıb. O.Rəsulova filmin tamaşaçılar tərəfindən yaxşı qarşılanacağını deyib: "Bu film Azərbaycan kinematoqrafiya sahəsində triller janrında çəkilən ilk kommersiya filmidir. Düşünürəm ki, tamaşaçıların xoşuna gələcək. Təbii ki, filmin yaxşı, yoxsa pis alındığını tamaşaçılar deyəcəklər".
Filmin rejissoru Samir Kərimoğlu isə bildirib ki, ilk əvvəl öz işindən razı qalmayıb: "İki gün əvvəl texniki işlər görülən zaman Ramiz müəllim də gəldi və filmi seyr etdi. Dedi ki, super alınıb. Film psixoloji triller janrında çəkilib. Bu janrda Azərbaycanda film çəkilməyib, bundan sonra çəkilər".
Xalq artisti Ramiz Novruz mənfi obraz canlandırdığı qeyd edib: "Tamaşaçılar məni heç vaxt bu tipli rolda görməyib. İşimiz çox yaxşı alınıb. Oksana xanımın istedadını kəşf etdik, o təbii oynayan aktrisadır".
Filmində xalq artisti Ramiz Novruzla yanaşı, aktyorlar Cövdət Şükürov, Ülvi Həsənov, Murad İsmayıl, Oksana Rəsulova və başqaları rol alıb. Çəkilşlər Nabran və Şabranda aparılıb.
Rəqsanə
Fotolar: Rəşad Abbasov