Belə suvenirlərin qiyməti 10-50 manat arasında dəyişir.
Teleqraf.com xəbər verir ki, bunu qarğıdalı qabığından müxtəlif əşyalar düzəldən Zaqatala sakini Sədi Abdullayev deyib.
O bildirib ki, əl işləri üçün heç vaxt qiymət mübahisəsi etmir: "Müştərilər nə versələr, qane oluram. İşin həcmindən və çətinliyindən asılı olaraq suvenirlərin qiyməti 10-50 manat arasındadır".
Usta Sədi Abdullayevin qəribə sənəti görənləri təəccübləndirir. Onun adi qarğıdalı qabığından hazırladığı suvenirlər yerli sakinlərlə yanaşı, rayona gələn qonaqların da diqqətini cəlb edir.
67 yaşlı Sədi Abdullayev 10 ildir qarğıdalı yetişdikdən sonra onun üst qabığını yığaraq səbət, güldan, çörək qabı, ayaqqabı, papaq kimi müxtəlif məişət əşyaları toxuyur. Qəsəbədə yaşayan azsaylı xalqlardan olan ingiloyların nümayəndəsi Sədi usta bu peşənin sirlərini yaşlı bir qadından öyrənib.
Sədi usta deyir ki, toxuduğu əşyaları satmaq üçün bazara çıxmağa ehtiyac qalmır. Ərsəyə gətirdiyi əl işlərini qonşu rayonlardan, Bakıdan, hətta Rusiyada yaşayan həmvətənlərimizdən belə alıb aparanlar var.