5 İyul 2018 09:02
3 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ dağıldıqdan sonra azərbaycanlı mütəxəssislərin böyük bir qismi Rusiyadan, eləcə də ittifaqın digər yerlərindən doğma respublikaya qayıtdılar. Xüsusən, sovet ordusu sıralarında xidmət edən azərbaycanlılar geri qayıdaraq, milli ordu quruculuğu prosesinə öz töhfələrini verdilər.

Bir qisim azərbaycanlı isə SSRİ dağılan ərəfədə olduqları ölkədə qalmağı üstün tutdu. Bu gün Rusiyanın və təcavüzkar Ermənistan istisna olmala digər müttəfiq respublikaların ictmai-siyasi sektorlarında, dövlət qurumlarında, o cümlədən hərbi və diplomatik sferalarında xeyli sayda azərbaycanlı çalışmaqdadır. Onlardan biri də hazırda Rusiya Federasiyasının Bəhreyn Krallığındakı fövqəladə və səlahiyyətli səfiri olan Vaqif Qarayevdir.

Teleqraf.com azərbaycanlı diplomatla bağlı hazırladığı yazını təqdim edir.

Vaqif Məmmədvəli oğlu Qarayev 1955-ci il yanvarın 24-də Azərbaycanın Mingəçevir şəhərində anadan olub. SSRİ Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.

Qeyd edək ki, bu institut sovetlər dönəmində, elə indi də keçmiş ittifaq məkanında rusca abreviaturası – MQİMO (Moskovskiy Qosudarstvennıy İnstitut Mejdunarodnıx Otnoşeniy) ilə məşhurdur. İnstitut SSRİ-də uzun illər diplomatların hazırlanması üçün yeganə ali təhsil müəssisəsi rolunu yerinə yetirib. V.Qarayev bu institutdan 1978-ci ildə məzun olub.

1997-ci ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası nəzdində ali diplomatiya kurslarını bitirib. 1978-ci ildən diplomatik xidmətdədir, XİN-in mərkəzi aparatında və xaricdə böyük iş təcrübəsinə malikdir. Ərəb, fransız, rus, Azərbaycan, türk və erməni dillərini mükəmməl, kürd dilini isə qismən bilir.

V.Qarayev 1994-1999-cu illərdə Rusiya XİN-in Konsulluq departamentinin şöbə rəisi işləyib. 1999-2003-cü illərdə Rusiyanın Hələb şəhərində (Suriya) Baş konsulu olub.

2004-2007-ci illərdə Rusiya XİN-in Yaxın Şərq və Şimali Afrika Departamentinin baş müşaviri vəzifəsində çalışıb. 2007-2011-ci illərdə Rusiyanın Ərbil şəhərində (İraq Kürdüstanının paytaxtı) Baş konsulu, 2011-2014-cü illərdə Rusiyanın Bəsrə şəhərində (İraq) Baş konsulu işləyib. Qeyd etmək yerinə düşər ki, bu təyinatlar Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun sərəncamları əsasında həyata keçirilib.

V.Qarayevin işlədiyi ölkələr arasında Misir Ərəb Respublikası və Sudan da var.

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 29 dekabr 2014-cü il tarixli fərmanı ilə V.Qarayev Rusiyanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, 15 yanvar 2002-ci ildən I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.

V.Qarayev evlidir və yetkinlik yaşına çatmış oğlu var.

Rusiya saytları 63 yaşlı diplomatın böyük nüfuz, hörmət sahibi və diplomatik fəaliyyəti ərzində böyük uğurlara nail olduğunu bildirir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər