19 Oktyabr 2018 09:01
3 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ədəbiyyatının məşhur simalarından olan İsaak Babel 1894-cü ildə Odessanın yəhudi kəndlərindən birində doğulub. NKVD onu 1940-cı ilin 26 yanvarında həbs edib. Bir gün sonra isə Lubyanka həbsxanasında güllələnib.

Teleqraf.com məşhur yazıçının dosyesini təqdim edir.

Yazıçının ən məşhur əsəri “Qızıl süvarilər” romanıdır. Bu əsəri o, Sovet Rusiyası ilə Polşa arasında müharibə zamanı SSRİ tərəfindən vuruşan Birinci kazak süvari ordusunda hərbi jurnalist olduğu illərdə müşahidə və xatirələri əsasında yazıb.

Əsər Polşa ilə müharibədən bəhs edir, lakin xronologiya xarakteri daşımır. Məsələn, yazıçı qeyd edir ki, Polşa ordusu Kiyevi ələ keçirməyə çalışır. Sonra isə kazak süvarilər Lvov ətrafında Polşa ordusuna uduzur və geri çəkilməyə başlayır. Artıq kazak süvarilərində nizam-intizam pozulur və ordu haradasa vəhşiləşmiş təsiri bağışlayır.

Qeyd edilir ki, həm Polşa, həm də Rusiya ordusu əsasən yəhudilərin yaşadığı ərazilərdə müharibə aparır, imkan olduqca hər iki ordu yəhudilərə amansızlığı ilə seçilir.

Bir sözlə, “Qızıl süvarilər”də ölüm, cinayət, təcavüz, vəhşilik, irqçilik gözə çarpır.

Əsər ədəbi aləmdə maraqla qarşılanır. Ancaq kazak ordusunun komandanı, Marşal Semyon Budyonni Babeli həqiqətləri təhrif etməkdə günahlandırır və yazıçının dərhal edamını tələb edir. Ədəbiyyat çevrələrinin səyi nəticəsində Babel bu təhlükədən qurtulur.

Əsər ilk dəfə Mayakovskinin rəhbərlik etdiyi “Lef” dərgisində 1924-cü ildə yayımlanır.

Yazıçı I Dünya müharibəsi zamanı rus ordusu ilə birlikdə Ruminiyaya gedir, Peterburqa 1918-ci ildə qayıdır. Burada Maksim Qorki ilə tanış olur, onun baş redaktoru olduğu qəzetdə işləməyə başlayır. Qəzet bağlandıqdan sonra Babel hərbi müxbirliyə başlayır və məhz bu ərəfədə kazak süvariləri ilə Polşa müharibəsinə yollanır.

Sonralar yazıçı rus inqilabını və sovetləri dəstəkləyir. 1934-cü ildə isə faktiki heç nə yazmır, özünü “sakitliyin böyük ustası” kimi tanıdır. Bununla belə stalinizmi tənqid edir. Sonralar bir çox yazıçının qaldığı Peredelinkoda daçada yaşayır və burada həbs olunub həbsxanaya göndərilir.

Onun uzun illər əlaqə saxladığı Yevgeniya adlı xanım isə sonradan Nikolay İvanoviç Yejov adlı şəxslə ailə qurur.

NKVD-də böyük vəzifələr tutan general Yejov xüsusi amansızlığıyla ad çıxarır. Bir müddət hətta NKVD-yə rəhbərlik edir. Məhz bu dövrdə o, öz xanımını casusluqda ittiham edir və onun ölümünə imza atır.

Belə bir qəddar şəxsin xanımı ilə Babelin xüsusi əlaqələri olur. Lakin 1939-cu ildə həbs edilən Yejov xanımı Yevgeniya və Babelin əlaqələri, onların hər ikisinin alman casusu olduğunu “etiraf” edir. Bu səbəbdən də yazıçı Babel həbs edilir.

Yeri gəlmişkən, Yejovun özü də həbsdən sonra NKVD-yə rəhbər gətirilən Beriya qarşısında diz çökərək yalvarsa da, canını qurtara bilmir və güllələnir.

Babel həbsdən sonra NKVD-də dəhşətli işgəncələrə məruz qalır, ona qarşı üç maddə ilə cinayət ittihamı irəli sürülür.

Casus və Trtotskiçi olmaqla yanaşı, xalqa və dövlətə düşmənçilikdə günahladırılsa da, yazıçı bu ittihamları rədd edir. Lakin işgəncələrdən sonra alman casusu olduğunu, Trotskçi düşüncəni paylaşdığını və dövlət düşməni olduğunu “etiraf edir”. Hətta keçmiş xanımını görmək üçün Fransaya gedərkən İlya Ehrenburq tərəfindən Fransa üçün casusluğa cəlb olunduğunu belə “boynuna alır”.

Bundan sonra yazıçının adı hər yerdən silinir, kitabları qadağan edilir. Onun məhkəməsi cəmi 20 dəqiqə çəkir. Barəsində güllələnmək qərarı çıxarılır.

Hələ ilkin istintaq və işgəncəyə məruz qaldığı zamanı “Sovet İttifaqı əleyhinə fəaliyyət göstərməmişəm, sovet rejimini dəstəkləyirəm” deməsinə baxmayaraq nəticə dəyişmir. Yazıçının güllələnməzdən əvvəl döyülüb-döyülmədiyi dəqiq bilinmir. 1940-cı ilin 27 yanvar tarixində həbsxanada 45 yaşında boynundan güllələnərək öldürülür. Cəsədi əvvəl yandırılır, külü isə ümumi məzarlıqda dəfn olunur. 1941-ci ilin martın 17-də isə yazıçının “Kulak” olduğu elan olunur.

1954-cü ilin dekabrın 23-də Babeli güllələmək üçün ortaya qoyulan sübutların əsaslı olmadığı elan olunur və yazıçının günahsızlığı sübut edilir. 1956-cı ildə ölümündən sonra rus ədəbiyyatına yolu açılır, 1957-ci ildə isə əsərləri təkrar nəşr edilir.

Onun həbs edilməsi, istintaqın aparılması və məhkəməsi ilə bağlı arxiv materialları 1990-cı ildə, ölümündən 50 il sonra açılır.


Müəllif: Cavad