Rusiya prezidenti Vladimir Putin gənc təyyarə dizayneri Sergey Qorobetsin Baykonurda raket buraxılışını izləməklə bağlı xahişini yerinə yetirib.
Teleqraf.com xəbər verir ki, Sergey Qorobets 2017-ci ildə 11-ci sinifdə oxuyarkən "Rusiya Gələcəyə Baxış" adlı açıq dərs zamanı təyyarələr üçün yeni mühərrikin yaradılması təklifilə çıxış edib.
Putin bu ideyanı dəstəkləyib. Gənc eyni zamanda Baykonurda raket buraxılışını izləmək arzusunu ifadə edib.
Rostex dövlət korporasiyası dizaynerin PD-14 mühərrikli MS-21 təyyarəsinin uçuşunu izləməsini təmin edib.
Hazırda Qorobets Moskva Aviasiya İnstitutunda "Aviasiya İstehsalı" ixtisası üzrə təhsil alır və təyyarə dizaynı ilə məşğul olur.
Qeyd edək ki, bu gün "Progress MS 11" yük gəmisi Qazaxıstanın Baykonur kosmik bazasından uçurulub.
Rusiyanın Federal Kosmik Agentliyindən (ROSCOSMOS) verilən açıqlamada bildirilib ki, kosmik nəqliyyat-yük gəmisi yerli vaxtla saat 17.00-da Qazaxıstanın Baykonur Kosmos Bazasından uğurla buraxılıb. Gəminin beynəlxalq kosmik stansiyaya 3,5 saatda çatması gözlənilir.
Hazırda beynəlxalq stansiyada olan rusiyalı kosmonavtlar Aleksey Ovçin, Oleq Konenko və ABŞ-dan Nik Haku (Nick Hague), Kristina Koç (Christina Koch), Anna Mak-Kleyn (Anne McClain) və Kanadadan Devid Seint-Jak (David Saint-Jacques) araşdırmalar aparır.