Dünyada hər il onlarla təyyarə qaçırılır. Qaçırılan hərbi təyyarələr haqqında isə ümumiyyətlə, mətbuat xəbər tutmur.
Teleqraf.com dünyanın ən məşhur təyyarə oğrusunu, ünvanını 40 il gizli saxlayan Di Bi Kuperin dosyesini təqdim edir.
Qeyd edək ki, Kuper ilk dəfə Boeing 727-51 model təyyarəni qaçırıb. Təyyarə Northvest Orient Airlines hava yollarına məxsus olub. Kuperin qaçırdığı təyyarə ABŞ daxilində Portland şəhərindən Sietl şəhərinə uçurmuş. Kuper təyyarəni ələ keçirdikdən sonra tələblərini səsləndirib: 200 min Amerika dolları və 4 ədəd paraşüt.
1971-ci ilin 24 noyabr günü, yəni ABŞ-da Şükranlıq Bayramı günü orta boylu Kuper Portland şəhərindən Sietl şəhərinə uçmaq məqsədilə təyyarə bileti alır. Təyyarədə 18-ci masada əyləşdikdən sonra siqaret yandırır və sodalı qazlı su sifariş edir.
Saat 14:50-də, təyyarə havaya qalxdıqdan 8 dəqiqə sonra Kuper stüardessa Florens Şaffnerə “zapiska” verir. Stüardessa isə düşünür ki, Küper onunla tanış olmaq məqsədilə telefon nömrəsini yazıb ona verir. Bu səbəbdən də kağız parçasını cibinə qoyur. Bu zaman Kuper stüardessaya tərəf əyilərək “Xanım yaxşı olar ki, kağızda yazılanları oxuyasınız, məndə bomba var” deyir. Məktubda isə “Mənim çantamda bomba var. Lazım hesab etdiyim zaman ondan istifadə edəcəyəm. İstəyirəm ki, siz yanımda əyləşəsiniz” sözləri yazılmışdı.
Məktubu oxuduqdan sonra stüardessa Kuperdən bombanı göstərməsini istəyir. Kuper çantasını açaraq qırmızı silindirlər, böyük batareya və müxtəlif naqilləri göstərir. Stüardessa yanında əyləşdikdən sonra cinayətkar ona özünün şərtlərini açıqlayır: 200 min ABŞ dolları, paraşüt dəsti və Sietl şəhərində təyyarəyə yanacaq vurulması. Bunların qarşılığında isə sərnişinlərin azad edilməsi.
Stüardessa cinayətkarın tələbini təyyarə komandirinə çatdırır, o da öz növbəsində vəziyyəti Sietl hava limanı dispetçerinə.
Saat 17:24-də Kuperə bildirilir ki, onun tələbləri qəbul edilib. Cinayətkar pilota təyyarəni Sietl-Tokoma hava limanına enişinə icazə verir. Saat 17:39-da təyyarə eniş edir. Bundan sonra Kuper pilotlara təyyarəni uzaqda saxlamağı və snayperlərin onu görməməsi üçün işıqları söndürmək əmrini verir. Daha sonra cinayətkar bir nəfərlə 200 min dolları və 4 ədəd paraşütü təyyarə göyərtəsinə gətirməyi tələb edir. Tələb olunan şeylər təyyarənin quyruq hissəsindən salona ötürülür. Bundan sonra Kuper bütün sərnişinləri və iki stüardessanı azad edir. Lakin ikinci pilot, göyərtənin stüardessası və təyyarənin mühəndisi Tina Mukloy azad edilmir.
İşi araşdıran Federal Təhqiqatlar Bürosunu isə Kuperin 4 ədəd paraşüt dəsti tələb etməsi təəccübləndirirdi. Onlar salonda cinayətkarın dəstəkçiləri olub-olmadığı haqda düşünməyə başlayır. Kuperin azad etmədiyi şəxslər özü ilə birlikdə cəmi 4 nəfər edirdi. Tarixdə buna qədər heç bir oğru qaçırdığı təyyarədən paraşütlə enməyə cürət etməmişdi. Təyyarəyə yanacaq vurulan zaman bir mütəxəssis Kuperlə danışmaq üçün icazə istəsə də, cinayətkar bu tələbi rədd edir və təyyarənin dərhal havaya qalxmasını istəyir. Qısa müddət sonra Boeing havaya qalxır.
Təyyarə havaya qalxdıqdan sonra Kuper stüardessa Tinadan salonu tərk edərək pilot kabinesinə keçməsini istəyir. Az sonra ekipaj hiss edir ki, Kuper təyyarənin qapısını açmağa cəhd edir. Bu səbəbdən də kabinədə hava təzyiqinin dəyişəcəyini gözləməyə başlayırlar. Kuper isə arxa qapını açaraq təyyarədən çıxır. Bu andan sonra Kuperi görmək heç kimə nəsib olmur.
FTB isə hesab edir ki, Kuper təyyarədən saat 20:13-də Vaşinqtonun cənub-qərb hissəsində hoppanıb. Hava qaranlıq olduğu üçün Kuperi izləyən ABŞ Hərbi Hava Qüvvələrinin F-106 təyyarələri cinayətkarı görməyib.
Digər ehtimala görə, cinayətkar Portlandın 48 kilometrliyində yerləşən Mervin gölü yaxınlığına düşüb. Kuperdən 2,5 saat sonra təyyarə Nevada ştatının Reno şəhərinə enir. Təyyarəni hava limanının əməkdaşları, polislər, FTB və CİA-nın mütəxəssisləri qarşılayır. Təyyarədə olan şəxslərlə ünsiyyət qurulduqdan sonra bəlli olur ki, cinayətkar yoxa çıxıb. FTB agentləri təyyarədən yalnız barmaq izləri, bəzi dəlillər, eləcə 4 paraşüt dəstindən ikisini tapa bilirlər. Kuperin yerə düşdüyü mümkün ərazilər axtarılsa da, nəticə əldə edilmir. Bir sözlə Kuper, bomba olduğu iddia etdiyi çantası, 200 min dollar və iki paraşütlə yoxa çıxmışdı.
Nəhayətdə 1980-cı ildə baba və oğul Horlodlar Kolumbiya çayından şimal qərbə Portland limanı yaxınlığında 6 min dollar tapır. Dərhal ekspertlər Kuperə verilən dolların seriya nömrələri ilə tapılan pulların nömrələrini yoxlayaraq təsdiq ediblər ki, tapılan pullar cinayətkara verilən pulların az qismi olub. Bir çoxları üçünsə bu fakt Kuperin ölməsi kimi qəbul edilir.
Beləcə dünyanın ən qəribə təyyarə oğrusunun 1971-ci il, 24 noyabrdan sonrakı taleyi heç kimə məlum olmur.
Cavad