2 Avqust 2019 07:05
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi “hərbi internet” layihəsi hazırlayaraq sınağına başlayıb.

Teleqraf.com xəbər verir ki, testlər Rusiyanın Mərkəzi Hərbi Dairəsində baş tutub. Layihənin həyata keçirilməsi üçün yüksək mühafizə dərəcəsinə malik xüsusi rabitə kanalları yaradılıb. Hərbçilər arasında audio və videofayl mübadiləsi 2 min kilometr məsafədə aparılıb. Belə simsiz şəbəkənin yaradılması üçün 1,5 minə yaxın müasir rabitə və şifrləmə vasitəsi cəlb olunub.

Məlumata görə, sınaqlar zamanı məlumatlar saniyədə 300 meqabit sürətlə ötürülüb. Mütəxəssislərin sözlərinə görə, belə şəbəkəyə qanunsuz müdaxilə qeyri-mümkündür. Belə ki, o, haker hücumları və kənar müdaxilələrdən etibarlı qorunur.

Bütün texnikanın qurulması üçün 1 saata yaxın vaxt sərf olunub. Yaradılmış simsiz şəbəkə tam avtonomdur və qlobal internetə çıxış imkanından məhrumdur. Perspektivdə belə rabitə xətləri təlimlərin keçirilməsi və ya döyüş əməliyyatları zamanı lokal tapşırıqların yerinə yetirilməsi üçün istifadə oluna bilər.

Bu il Rusiya Silahlı Qüvvələrində “hərbi suveren internet”in – multiservis nəqliyyat rabitə şəbəkəsi adlanan qapalı rəqəmli informasiya mübadiləsi sisteminin yaradılmasına da başlanılıb. Şəbəkənin Rusiyanın elektron təhlükəsizliyini ölkənin mühafizəli qlobal internet seqmenti ilə eyni dərəcədə təmin edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər