73 yaşlı Qoyya həyatını təhdid edən iki ölümcül xəstəlikdən yaxa qurtarmışdı, buna görə öz labüd ölümünə fokuslanmışdı. İspaniyada baş verən qırğınlar onu pessimist və özünəqapalı bir insana çevirmişdi. Bu, özünü melanxolik ruhunun sərxoşluğu altında yaşadığı evin divarlarına çəkdiyi ürküdücü rəsmlərdə də göstərirdi. Lakin kətana köçürməyi düşünmədiyi bu rəsmlərin hər biri gələcəkdə sənət tarixinin şah əsərlərindən biri olacaqdı.
Teleqraf.com ispan rəssam Fransisko Qoyyanın “Oğlunu yeyən Saturn” əsəri haqda yazını təqdim edir.
Həyatı boyu ağır imtahanlar qarşısında qalan rəssam psixologiyası və yaradıcılığında dərin izlər açmış tarixi hadislərin şahidi olmuşdu. Yaşadığı dövrdə Avropaya dərindən təsir edən Fransa inqilabı baş vermiş, vətəni İspaniya işğal edilmiş və ölkəsində monarxiya rejimi qurulduqdan sonra vətəndaş müharibəsi başlamışdı. Bunlarla yanaşı, inkivizasiya məhkəmələrində baş verən qanlı olaylar Qoyyanın psixologiyasını ült-üst etmişdi, zorakılıqlarla dolu və qaramat bir dünyada yaşamağa məcbur olmuşdu. Habelə üzləşdiyi iki ölümcül xəstəliyin eşitmə qabiliyyətini itirməsinə yol açması isə bu qaramat dünyanın rənglərini bir qədər də tündələşdirdi.
Karın evi
Həyatının son illərində insan faciələri ilə dolu bu hadisələrin təsiri altında “Qara Rəsmlər” adlanan on dörd rəsmlik silsilə əsərlər ortaya qoymuşdu. Bu əsərlər “Karın evi” adlandırılan evinin divarlarına çəkilmiş, sonrakı illərdə kətana köçürülmüşdü. Evin belə adlandırılmasının səbəbi Qoyyanın yox, evin əvvəlki sahibinin kar olmasından qaynaqlanırdı. Necə bir təsadüfdür ki, Qoyya da bu evdə eşitmə qabiliyyətini itirmişdi.
Qoyya Bordoya köçəndə evini nəvəsi Marianoya verdi. Bundan sonra da bir neçə dəfə öz sahibini dəyişdirən ev axırda fransız baronu Derlangerə satıldı. Yetmiş ildən çox divarlarda qalmış rəsmlərin rəngləri getdikcə solurdu. Baron rəsmlərin qorunması üçün Prado muzeyinin kuratoru Salvador Martines Kubelsdən bunların kətana köçürülməsini istədi. Derlanger bundan sonra rəsmləri İspaniya dövlətinə bağışladı. Lakin rəsmlər kətana köçürüləndə bir sıra orijinal detallara yer verilməmişdi.
Palitradan dağılan tünd rənglər
Fransisko Qoyya XIX əsrin əvvəllərində Avropanın ən önə çıxan sənətkarlarından biridir. Bu illərdə Napoleon Fransası kilsə hökmranlığına son qoymaq məqsədilə Avropanı işğal etməyə başlamışdı. İspaniyada savaş vardı – qan tökülürdü. Çəkdiyi rəsmlərə görə İnkivizasiya məhkəməsi tərəfindən xəbərdarlıq edilmişdi. Artıq əlində keçmiş kraliyyət rəssamının fırçası yox idi. Palitrasındakı qaranlıq və tünd rənglər işıqlı dünyasına dağılmışdı – qaramat rəsmlər çəkirdi. “Oğlunu yeyən Saturn” da Qoyyanın pessimist və melanxolik ruhundan bu illərdə partlayaraq çıxmışdı.
Qoyyanın bu əsəri bəlkə də sənət tarixinin ən ürküdücü və ən maraqlı rəsmlərindən biridir.
Saturnun uşaqlarını yeməsi mifi
Saturn, yəni Kron – mifə görə, kainatın ilk tanrıları Geya və Uranın kiçik oğlu, titanların hökmdarı, göy üzünün tanrısı…
Kroon Geyanın doğduğu sonuncu tirandır. O, özünə həyat yoldaşı kimi Reyanı seçdi. Kahin ona uşaqlarından birinin onu taxtından salacağını dedi. Kron qorxdu, çünki o da atasını devirmişdi və bu öncəgörmə gerçəkləşməsin deyə doğulan bütün uşaqlarını uddu: Hera, Demetra, Hestiya, Poseydon və Aid… Bu o vaxta qədər davam etdi ki, Reya altıncı uşağını xilas etmək üçün Geya ilə bir plan hazırlamışdı. Reya Zevs doğulan kimi Kirit adasına yolladı, Krona da bələyə bükülmüş bir daş verdi. Heç nə başa düşməyən Kron daşı udu.
Pəri Amalteya bu vaxt Zevsi Kirit adasında balla bəsləyirdi. Zevs böyüdükdən sonra atasının necə bir insan olduğunu öyrənir və intiqam almaq üçün Yunanıstana gəlir. Burada hiyləgər Metislə qarşılaşır. Metis ona qardaşlarını xilas etmək üçün bir yolun olduğunu deyir. Zevsə Krona uddurmaq üçün bir həb verəcəkdi və bu həbi udduqdan sonra bütün uşaqları qusacaqdı. Beləliklə, Zevs öz qardaşlarını xilas edə bilir.
Qoyyanın mesajı
Kronun uşaqlarından birinin diri-diri yeyildiyi təsvir olunan bu əsər qorxuncdur. Qara fonda gözlərini qan bürümüş bir halda başı və qolu yeyilmiş uşağın digər qolu ağzında olan Kronun üzündəki ifadə ürküdücüdür. Ağ və uzun saçlı təsvir edilmiş Kronun gözlərindəki qəzəb, üzündəki dəlilik əlaməti və nə olduğuna məhəl qoymadan əlindəkini sadəcə yox etmək həvəsi ilə uşağını yeməsi əsərin ən əhəmiyyətli detalıdır. Əllərində qançıra dönmüş bədəni o qədər qəzəblə sıxıb ki, barmaqları bədənə batır və bütün bunlar xırda detallarla açıq şəkildə görünür.
Evin divarlarından kətana köçürülərkən bir çox detalı itmiş əsərin orjininalında Kron əslində orqazm olmuş kimi təsvir edilib ki, bu da onun uşaqlarını yeyib yox edərək çatdığı həzzin qorxunc bir təsviri olmalıdır. Əslində isə bu əsərdə öz uşaqlarını yeyən qəzəbli Kronun simasında xalqa şiddət tətbiq edən monarxiya, inqilabdan sonra ölən insanlar və hakimiyyətin gücü simvolizə edib.
Qoyya bu rəsmi ruhi və fiziki durumunun getdikcə pisləşdiyi bir dövrdə çəkmişdi. Şübhəsiz ki, bu əsərdə rəssamın keçirdiyi depressiv dönəm, yalnızlıq və ölüm qorxusu da özünə yer tapmışdı. Hansı mesajı verməsindən asılı olmayaraq, Qoyyanın bu əsərində insan öz ehtirasları, tamahkarlığı və necə bir varlıq olması ilə qarşılaşır. Yəni, təbiətin ən yırtıcı və qorxunc canlısı elə insanın özüdür.
Əzrayılın orağı
Kron anası Geya tərəfindən ona verilən polad oraqla atası Uranın xayalarını kəsməsi tanrılar arasında baş verən savaşların ilk mərhələsidir. Hesiodun öz əsərlərində bəhs etdiyi dövrlərin əfsanəvi obrazı olan Kronla bağlı miflər bir çox sənətçinin yaradıcılığına təsir göstərib. Bu mifologiya və onun qəhrəmanları XIX əsrdə yaşamış Qoyyanın yaradıcılığına da təsirsiz ötüşməmişdi. Bu mifologiyanın qaranlıq dövrlərdən Qoyyanın yaşadığı dönəmdə özünə həyat tapmasının əsl səbəbi də atalar və oğullar arasındakı iqtidar savaşının hələ də davam etməsi idi. Bu amansız savaş dahi rəssamın fırçası ilə Saturnun öz oğlunu yeməsi kimi təsvir olunmuşdu. İqtidarını ələ keçirilməsindən qorxan Saturnun öz uşaqlarını doğar-doğmaz yeməsi də bu baxımdan simvolik məna daşıyır.
Bu, eyni zamanda ənənəviləşmiş və mütləq iqtidarın dəyişiklik istəyənlərin və zamanın qarşısında məğlub olmağın təsviridir. Yəni, özünü keçmiş və gələcəyin mütləq hakimlərini elan edənlər kimliyindən asılı olmayaraq, tarixin irəliləyən təkərlərinə - zamana müqavimət göstərə bilmir. İqtidarlarını mütləq və sonsuz sayanlar zamanın təkərlərinə ilişərək səssiz-sədasız yoxa çıxırlar. Yunan mifologiyasının gəldiyi qənaət də bu idi: bu gün Olimpdə hökmranlıq edən Tanrı sabahın tanrıları tərəfindən taxtından endirilib məhvə məhkum edilirdi. Vaxtilə anasının verdiyi oraqla atasını taxtdan endirən Saturnu da öz oğlu taxtdan salmışdı. Yəni, güc, zamanı tarixə çevirəcək gələcəyin əlindədir.
Əslində Kron uşaqlarını udmuşdu, Qoyya isə…
Mifologiyanın əksinə olaraq, Qoyya əsərində Kronu öz oğullarını yeyərkən təsvir etmişdi. Rəssam bu səhnəni real rənglərlə və qorxunc bir formada canlandırır. Əlləri arasında sıxaraq qabırğalarını qıraraq xürd-xəşil edən Kron oğularından birini ən qorxunc formada yeyir. Bəs mifologiyanın əksinə olaraq Kronu daha qorxunc bir yırtıcıya çevirən şey nə idi? Hakimiyyət hərisliyi…
Mütləq hakimiyyət ehtirasının yırtıcıya çevirdiyi Kronun bu siması Qoyyanın əsərində real boyalarla öz əksini tapır: Ağarmış, dəli kimi çiyinlərinə yayılmış saçlar, özünə nəzarəti itirmiş yaşlı bir titan.
Vaxtilə atasını ən qəddar şəkildə öldürən Kron burada həm də öz ilə üzləşir. Digər önəmli bir detal isə Qoyyanın rəsmində Kronun yediyi insanın yetkin yaşda olmasıdır. Bəzi mənbələrə görə, tanrı burada qız uşaqlarından birini yeyir. Bu, Hera, Demetra və ya Hestiya ola bilər. Bəzi sənət tarixçiləri bu rəsmin vətəndaşlarını qəddarlıqla məhv edən avtoritar İspaniya rejimini, bəziləri isə Napoleon, habelə Fransa inqilabı simvolizə etdiyini düşünür. Lakin Qoyyanın özü bu əsəri haqda danışmamışdı, bəlkə də bunların heç biri deyil. Sənətin ən mükəmməl tərəfi də elə budur: deyilmədən deyilənlər…