30 Dekabr 2020 09:14
3 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yarım əsrə yaxın ölkəsini idarə edən, 2011-ci ildə linç edilərək öldürülən Liviyanın keçmiş lideri Müəmmar Qəddafi yürütdüyü siyasət, mübahisələrə yol açan qərarları və şəxsi həyatı ilə siyasət tarixinin ən maraqlı fiqurlarından biridir.

Teleqraf.com Liviyanın mərhum lideri Qəddafi haqda yazını təqdim edir.

O, 42 il Liviyanı təkbaşına idarə edib. Ərəb dünyasında ən uzun müddət iqtidarda qalan siyasi lider olub. Qəddafi əslində Liviyadakı bütün tayfaları bir araya gətirərək birləşdirməyi, ölkədə sabitliyi bərqərar etməyi bacaran gənc bir polkovnikdi. Hələ 27 yaşında olanda Kral İdrisi qansız qiyamla devirdi.

Səhrada doğulan lider

Müəmmar Qəddafi Sirtə yaxınlığında – bir səhrada doğulub. Gənc yaşlarında idealı Misirin o zamankı lideri Camal Əbdül Nasir idi. 1956-cı ildə Süveyş böhranı partlayanda küçələrə çıxan minlərlə İsrail əleyhdarlarından biriydi. Liviyadakı kraliyyət rejimini devirmək fikri hələ hərbi məktəbdə oxuduğu illərdə formalaşmışdı. İngiltərədə hərbi təhsilini vurub Binqaziyə qayıtdı. Hərbi qiyamı 1969-cu ildə bu şəhərdə başladı. Tarixin ironiyası da budur – onu illər sonra devirəcək qiyamçıların ünvanı yenə Binqazi olacaqdı.

Həm kommunist, həm dindar, həm də...

1975-ci ildə qələmə aldığı “Əl-Kitab əl-Əxdar” (“Yaşıl kitab”) adlı kitabla öz fəlsəfəsini ortaya qoydu. Bütün liviyalılara zorla oxutdurulan kitabda Qəddafi həm kommunizm, həm də kapitalizmə alternativ təqdim etməyə çalışırdı. Kitabında ideologiyasının İslamın prinsiplərinə söykəndiyini yazırdı. Liviyalı tələbələr və şagirdlər həftədə iki saat bu kitabı oxumalı idi.

Sistemə görə, iqtidar xalqın içindən çıxmış minlərlə kommunistin əlindəydi. Amma hər şey göründüyü kimi deyildi. Qəddafi ölkəni rəqibsiz – təkbaşına idarə edirdi. Öz təsir dairəsini təkcə ölkəsində yox, bütün bölgədə genişləndirməyə çalışırdı. Bu məqsədlə Çada ordu göndərdi, 1973-cü ildə Aozu ələ keçirdi. Liviyanın qapılarını Qərbi Afrikadakı qiyamçı qruplaşmalara açdı. Qərbin Qəddafiyə təzyiqlərinin arxasında duran səbəblərdən biri də, Liviyaliderinin belə təşkilatlara dəstək verməsi idi.

“Dəli köpək”

Demək olar ki, Amerika prezidentlərindən heç birinin ona simpatiyası yox olmayıb. Hətta Ronald Reyqan onu “dəli köpək” adlandırmışdı. Əlbəttə ABŞ bununla kifayətlənmədi. Avropada həyata keçirilən terror aktlarında Qəddafi ittiham olundu. Bu ittihamlardan sonra – 1986-cı ildə Tripoli və Binqaziyə hava zərbələri endirildi. Bu hücumlardan birində Qəddafinin övladlığa götürdüyü qızı öldü. Artıq ikitərəfli münasibətlərdəki gərginlik diplomatik qarşıdurmadan o tərəfə keçmişdi.

Uzun çəkən 15 dəqiqə

Qəddafi hakimiyyətdə olduğu illərdə ərəb ölkələrini bir çətir altında birləşdirmək üçün çox səy göstərdi. Amma buna istədiyi cavabı tapa bilmədiyi üçün 1990-cı illərdə üzünü Afrikaya çevirdi. Xəyalpərəst Liviya liderinin arzusu Afrika Birləşmiş Dövlətləri yaratmaq idi. Afrika Birliyinə nə qədər dəyər verirdisə, BMT-yə də bir o qədər nifrət edirdi.

2009-cu ildə BMT Baş Assambleyasındakı çıxışı üçün ilk dəfə getdiyi ABŞ-da nifrət etdyi BMT-nin kürsüsündə 15 dəqiqəlik vaxtı olduğu halda bir saat yarım danışmışdı. Çıxşında BMT anlaşmasını cırıb atmış, BMT Təhlükəsizlik Şurasını “Əl-Qaidə”yə bənzədib bu qurumdakı ölkələrin müstəmləkəçi rejimlərindən Afrika ölkələrinə 7.7 trilyon dollar təzminat ödəməyi tələb etmişdi.

Çadır, qadın cangüdənlər, qəribə libaslar…

Əlbəttə o dönəmdə Qəddafinin çılğın siyasəti yox, qəribə libasları da diqqət çəkirdi. Ənənəvi Afrika libaslarını geyinməyə başlamışdı. Getdiyi hər yerə çadırını aparması, dünya liderlərini bu lüks bədəvi çadırlarında qəbul etməsi medianın gündəmində idi. Çadırı qədər diqqət çəkən başqa bir məqam isə qadın cangüdənləriydi.

“Seks kölələri”

İddiaya görə, Qəddafiyə ən yaxın olan cangüdənləri – “Amazon qadınları”nın yeganə vəzifəsi onu qorumaq deyildi. Bu qadınlar, eyni zamanda “seks köləsi” kimi də istifadə edilirdi.

Qəddafi 2009-cu ildə Romada 700 iş qadını qarşısında zərif cinsin nümayəndələrinin öz ayaqları üstündə durmasının vacibliyi haqqında çıxış etdi: “Avropalı qadınlar rəsmi olaraq azad kimi görünə bilərlər, amma bunun səbəbi nə onların azad seçimidir, nə də inkişafdır. Əsl səbəbi, çətinliklərdən dolayı onların buna məcbur edilməsidir”.

İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoninin yaxın dostunun çıxışı salonda etiraz yaratdı. Amma Qəddafi bu olaydan bir il sonra. Romada bir agentlik vasitəsilə 200 gənc və gözəl qadını işə götürdü. Qadınlardan tələb olunan yeganə şey, Qəddafinin keçəcəyi dini dərsləri səssizcə dinləmək idi. Bunun qarşılığında onları Liviyada “parlaq gələcək” gözləyirdi. Amma baş verənlər haqda danşmaq qəti şəkildə qadağan idi.

2011-ci ilin mart ayında bir qadın əcnəbi jurnalistlərin yerləşdiyi bir otelə gedərək Qəddafinin adamları tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia etdi. Hadisədən bir neçə ay sonra Qəddafi xalqı tərəfindən öldürülmdüşdü. Qadınlar isə artıq küçədə idilər. “Qəddafinin adamları tərəfindən zorlanan qadınlar” Liviya hökumətindən təzminat tələb etdilər. 2011-ci il qiyamında “cinsi zorakılıq” tezisi Qəddafiyə qarşı istifdə olunan əsas silahlardan biriydi.

Açılan ağ səhifə

İddiaya görə, Liviya xalqı yoxsulluq içində olmasına baxmayaraq, İsveçrə banklarında 30 milyard dollardan çox sərvəti vardı. 2000-ci illərdə həm o, həm də xalqı böhran içindəydi. Beynəlxalq sanksiyalar Liviyanın belini bükmüşdü. “Kütləvi qırğın silahlarından imtina edirəm”, bəyanatını verdikdən sonra Qərblə yaxınlaşmağa başladı. Lokerbi faciəsinə görə təzminat ödəməyi qəbul etdi. Bu, Vaşinqtonla münsibətlərində yeni səhifənin açılması demək idi. Təcrid edilmiş polkovnik yenidən qəbuledilən bir liderə çevrilirdi. Qısmüddətli olsa da…

Qəribə polkovnik

Yaşı artıqca barəsində qəribə iddialar ortaya çıxmağa başladı. Özünü liviyalıların “ruhani bələdçisi” adlandırırdı. Müxalifətə görə isə hakimiyyətinə sərt nəzarət edən qəddar bir adam idi. Qəddafinin insan haqlarını kobud şəkildə pozması əsas müzakirə mövzusuydu. O, Liviyada kütləvi fəaliyyətləri qadağan edən bir qanun imzalamışdı. Sözügedən qanunu pozanlar mühakiməsiz həbs olunur, bəziləri edam edilirdi. Həmin dövrdə həbsxanalarda işgəncə iddiası Qəddafiyə kənar təzyiqləri artırmışdı.

Venesuelalı siyasətçi İliç Ramirez Sançezə (Çaqqal Karlos) görə isə Qəddafi bütün inqilabçılardan daha böyük işlər görən bir şəxsdi. İqtidarının 39-cu ildönümündə “Bundan sonra savaş olmayacaq” demişdi. Yaşı 60-ı keçmişdi.

İslahatçı kimi tanınan oğlu Seyfülislamın yerinə keçəcəyi iddiasının müzakirə olunduğu vaxt Qəddafi ölkədəki nazirliklərin böyük əksəriyyətinin ləğv olunacağını deyirdi. Liviyanın neftdən gələn gəlirlərinin hamısının xalq arasında bölüşdürüləcəyi müjdəsini verdi.

“Ərəb baharı” – yarıməsrlik iqtidarın sonu

“İnsan haqlarının pozulması”, “korrupsiya”, “bahalı həyat düşkünlüyü”, “dünyaya bağlanmış ölkə iqtisdiyyatı” tezisləri və “42 illik avtoritar rejim” anlayışı, üstəgəl bölgəni cənginə alan “Ərəb baharı” Qəddafinin sonu üçün tətiyə basdı. Ərəb dünyasındakı çevriliş dalğası Tunis və Misrdən sonra onun ölkəsinə də baş çəkdi.

Yenə də Qərblə əlaqələr pozulmuşdu. Binqazidə başlayan kütləvi etirazları yatırmaq üçün ağır silahlardan istifadə olunması NATO-nu Qəddafiyə qarşı hərəkətə gətirdi. O dövrdə dünyanın ən böyük doqquzuncu neft istehsalçısı olan Liviyanın səmasında Qərbin helikopterləri görünməyə başladı. NATO-nun qiyamçılara verdiyi dəstək Qəddafinin sonunun da xərbərçisi kimi görünürdü. Həqiqətdə də beləydi. Proseslər artıq müxalifətin lehinə cərəyan edirdi. Çox keçmədən Qəddafinin 42 illik iqtidarı başa çatdı. Bundan sonra baş verənlər Qəddafi və ailəsi üçün daha dramatikdir.

Sonsuz səhranın mərkəzində

Avqust ayında yoxa çıxdı. Beynəlxalq Cinayətlər Məhkəməsi Qəddafi və oğulları haqda həbs qərarı verdi. Mülki insanlara silahlı hücumda ittiham olunurdu. Qaçdıqdan sonra ölkənin cənubundakı səhralarda gizləndiyi, hətta illər əvvəl ölkəsinə buraxdığı “Tuareqlər”in onu qoruduğu deyilirdi. Amma Qəddafi “sonuncu qala”sında ortaya çıxdı. Milli Keçid Şurası onu doğulduğu Sirtədə ələ keçirdi. Hər iki ayağından yaralanmışdı. Qulağı, gözü və qarın boşluğu qan içindəydi.

Ələ keçərkən son sözləri belə oldu: “Övladlarım, mən sizin atanızam. Siz nəyin doğru, nəyin yanlış olduğunu bilmirsiniz. Bu etdikləriniz haramdır. Haram nədir, bilmirsiniz?”.

Xoşbəxtliyi gözləyərkən

Müxaliflərin çəkib dünyaya təqdim etdiyi videoda vəhşicəsinə linç edilərək öldürüldüyü aşkar şəkildə görünürdü. Cəsədi Afrika bazarında soyuducuda tapıldı. 2011-ci il oktyabrın 25-də Saxara səhrasında kimsənin bilmədiyi bir yerdə dəfn olundu. Müxaliflər Qərbin yardımı ilə devirdikləri Qəddafinin məzarının olmasını da istəmirdilər.

Ölümündən 9 il keçməsinə baxmayaraq, Liviya hələ də özünə gəlməyib. Qəddafinin ölümü Liviyaya xoşbəxtlik və firəvan həyat bəxş etmədi. Xalq terror təşkilatları və özlərini ölkənin “legitim hakimiyyəti” adlandıran silahlı siyasi qüvvələr qarşı müqavimət göstərir. Bir tərəfdə general Xəlifə Haftara bağlı Liviya Milli Ordusu var, digər tərəfdə Tripolidə yerləşən Milli Konsensus Hökuməti…

Qəddafi artıq yoxdur, amma bu ölümün səssizlik və xoşbəxtlik adasına çevirəcəyi gözlənilən Liviya da yoxdur.

Əslində Qəddafi necə bir diktator idi?

Xüsusən də Avropa və Amerikanın media qurumlarının və siyasi institutlarının Qəddafi üçün çəkdikləri portret qorxuncdur. Bununla belə Qərbə düşmən olan Liviyanın mərhum lideri haqda onun əslində təqdim edildiyi, deyildiyi qədər amansız və qorxunc olmadığını göstərən iddialar da az deyil.

O iddialardan bəziləri

Qəddafi dövründə əhaliyə elektrik enerjisi, su və təbii qaz pulsuz verilirdi. Bu siyasət həm də Liviyanın ağır coğrafi şərtlərdə yerləşməsinə görə yürüdülürdü. O dönəmdə Liviyada təhsil və səhiyyət xidmətlərinə görə də vətəndaşlardan pul alınmırdı. Liviya dövləti bütün xəstələrə dərmanları heç bir məvcib tələb etmədən verirdi. Benzinin litri 20 qəpik idi. Liviya bankları kreditlərə görə faiz almırdılar. Vətəndaşlar ağır vergi yüklərindən azad edilmişdi. Liviya həm Afrikada, həm də bütün dünyada ən borcsuz ölkə idi. Liviyada avtomobillər maya dəyərinə satılırdı, ictimai nəqliyyat xərcləri dövlət tərəfindən ödənilirdi. Xarici ölkələrdə təhsil alan tələbələrə Liviya dövləti tərəfindən aylıq 1650 avro təqaüd ödənilirdi. Liviyada bütün universitet məzunları iş tapana qədər təqaüd alırdılar. Liviyada evlənən bütün gənclər evlə təmin olunurdu. Liviyada hər ailə ayda 300 avro yardım alırdı. Neft gəlirlərinin 90 faizi Liviya xalqına xərclənirdi.

Həqiqət və yalanın nə olduğunu, əlbəttə liviyalılar daha yaxşı bilir, bu gün isə görünən budur ki, onlar Qəddafinin ölümündən keçən doqquz il ərzində hər gün qanadılan yaralarını sarımağa çalışırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər