26 Yanvar 2021 09:05
4 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs vaxtilə Fransa musiqisinin tanınmış simalarından biri olub.

Andre Osseyn (əsl adı - Əminulla Hüseynov) – Azərbaycan əslli fransalı bəstəkar, skripkaçı və mərhum aktyor Robert Osseynin atası.

Əminulla Hüseynov Səmərqənd (Özbəkistan) azərbaycanlılarından idi. Çar Rusiyasında Oktyabr çevrilişindən (1917-ci il) sonrakı illərdə ailəsi ilə birlikdə Fransaya mühacirət edib.

Həyatı

Əminulla Hüseynov 1905-ci il fevralın 2-də Səmərqənddə anadan olub. Oğlu Robert Osseynə görə, milliyyətcə azərbaycanlıdır.

Əminulla Hüseynov kiçik yaşlarında təhsil almaq üçün Moskvaya gedib, orada skripka dərsləri almağa başlayıb. Moskvada pravoslavlığı qəbul edib və özünə “Andrey” adını götürüb. 1922-ci ildə Moskvada məktəbi bitirdikdən sonra Almaniyaya yola düşüb və ilk olaraq Berlində Tibb fakültəsinə daxil olub, lakin tezliklə zərdüştlüyü qəbul edərək, Berlin və Ştuttqart konservatoriyalarında musiqi təhsilinə davam edib.

Paris Konservatoriyasında fransız bəstəkar və dirijor Pol Vidaldan dərs alıb. 1927-ci il avqustun 10-da Parisdə pianoçu və komediya teatrının aktrisası yəhudi əsilli, 1917-ci il Oktyabr İnqilabından sonra ailəsi Bessarabiyadan ayrılan pianoçu və komediya teatrının aktrisası Anna Minkovskaya ilə evlənib..

Andre Osseyn ömrünün sonuna qədər Fransada yaşayıb. 1983-cü il oktyabrın 9-da Parisdə vəfat edib.

Yaradıcılığı

Andre Osseyn tarda da ifa edib. 1935-ci ildə ilk baletini (“İşığa doğru”) yazıb. 1975-ci ildə “Şəhrizad”, 1980-ci ildə “Esmeraldının rəqsi”, 1982-ci ildə “Buz üzərində tətil”i ərsəyə gətirib. Andre Osseyn, ayrıca, fortepiano üçün bir çox əsər, o cümlədən bəzi etüdlər, 25-dən çox film üçün musiqi, simfoniyalar (“Qum”, “Persepolis”, “Arya”) və üç fortepiano konserti bəstələyib. Sonrakı əsərlərində müasir populyar musiqi janrları (caz, blyuz, rokn roll) da yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu