9 Fevral 2021 09:14
2 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il əvvəl Alyaskanın Rusiyaya ilhaqı ilə bağlı petisiya başladıldı, lakin o, az sonra ləğv edildi. Bu gün Rusiyada bir çox insanlar hələ də ABŞ-ın Alyaskanı “oğurladığı” və ya “bir müddətlik icarəyə götürdüyünü” düşünür. Yəni, ruslara görə, Amerika Alyaskanı qaytarmalıdır. Ancaq rusların bu məşhur inancının əksinə olaraq, Alyaskanı amerikalılara çar II Aleksandrın özü vermişdi, həm də şəxsi razılığı ilə…

Morj dişi

XIX əsrdə rus Alyaskası beynəlxalq ticarətin mərkəzlərindən biri idi. Tacirlər Novoarxangelsk şəhərində Çin parçaları, çay və kürk ticarəti ilə məşğul idilər. Şəhərdə gəmilər hazırlanır, fabriklər tikilir, daş kömür çıxarılırdı. Rus tacirlər morj dişi və samur dərisi üçün Alyaskaya üz tutmuşdular. Morj dişi fil dişi qədər baha idi.

Bu ticarət Rus-Amerika şirkəti (RAC) tərəfindən həyata keçirilirdi. Şirkət Alyaskanın bütün mədənlərinə və minerallarına nəzarət edir və digər ölkələrlə ticarət müqavilələri bağlayırdı. Hətta öz bayraqları və valyutası vardı.

Şirkətin bu prioritetləri imperiya hökuməti tərəfindən müəyyən edilmişdi. Hökumət həm şirkətdən vergi alırdı, həm də pay sahibi idi. Rus çarı və onun ailə üzvləri RAC-ın səhmdarları arasındaydı.

Baranov dövrü

O dövrdə Alyaskadakı rus məskunlaşmalarına Aleksandr Baranov rəhbərlik edirdi. Baranov məktəblər, fabriklər açdı, yerli sakinlərə şalğam və kartof yetişdirməyi öyrətdi. Tərsanələr tikdi, su samuru ticarətini genişləndirdi. Baranov özünü “Rus Pizarro” adlandırdı. Aleut liderinin qızı ilə evləndi.

Baranovun rəhbərlik etdiyi RAC böyük gəlir əldə etdi. Yaşlı Baranov şirkəti təhvil verdikdən sonra onun yerinə dəniz kapitanı Leonti Hegemeyster keçdi. Yeni rəhbər özü ilə yeni işçilər və hərbi səhmdarlar gətirdi. Ancaq yeni rəhbərin bu addımı şirkəti dağıtdı.

Yeni rəhbərlər özləri üçün yüksək maaş təyin etdilər, adi işçilərə isə bundan dəfələrlə az... Yerli sakinlərdən xəzi qiymətinin yarısına aldılar. Eskimos və aleutlar iyirmi il ərzində demək olar ki, bütün su samurlarını öldürmüşdülər. Ruslar sahilyanı kəndlərə basqın edərək oraları yandırdıqları üçün yerli əhali çətin vəziyyətdə qalmışdı.

Bu cür çəkindirici hadisələr nəticəsində tacirlər fərqli gəlir mənbələrinə üz tutdular, amma nəsə əldə edə bilmədilər. Ağla gələn həll yollarından biri də maaşların azaldılması fikri idi. Nəhayət, şirkət dövlət yardımından istifadə etdi (ildə iki yüz min rubl), lakin bu da onları xilas etmək üçün yetərli deyildi.

Qısa müddət sonra Krım müharibəsi başladı. İngiltərə, Fransa və Osmanlı Çar Rusiyasına qarşı eyni mövqedə dayandı.

Çarın yeni qonşusu

Rusiya 1867-ci ildə Alyaskanı ABŞ-a 7.2 milyon dollara satdı. Bu satışdan əlli il sonra amerikalılar ödədikləri məbləğin yüz qatını qazandılar.

Bu gün ABŞ-da istehsal olunan neftin 25 faizi Alyaskadan çıxır. Alyaska sahillərindəki Pradxo Körfəzi Şimali Amerikanın ən böyük neft yatağıdır. Dövlət satış vergisi tutmadığı kimi, fərdi gəlir vergisi ödəməyən yeganə ştatdır. Alyaska balıqçılıq və dəniz məhsulları sənayesi və ya turizmdən böyük həcmdə gəlirlər əldə edir.

Rus imperiyası bu böyüklükdə sərvəti öz əlləri ilə amerikalılara verib. Həmin alış-veriş sayəsində iki əzəli düşmən bir-birinə qonşu olub. Daha doğrusu, amerikalıları öz sərhədlərində yerləşdirən Rusiyadan başqası deyildi.

Müəmmalı yardım

Əlbəttə, Alyaskanın Amerika torpağına çevrilməsi səbəbsiz deyildi. 1853-1856-cı illərdə Osmanlı-Rus müharibəsində Amerika təəccüblü şəkildə rusları dəstəklədi. Bunun səbəbi güclü ingilis ordusunun Osmanlı tərəfindən müharibədə iştirak etməsi idi.

Hər iki güc ingilis imperializmini təhlükə olaraq görürdü. Buna görə Amerika Osmanlıya qarşı Çar Rusiyasını dəstəkləməyə başladı. Əslində ABŞ hökuməti rəsmi olaraq bitərəf olsa da rus ordusuna silah və digər yardımlar göndərdi. Beləliklə, Amerika bununla həm də rusları tələyə sala bilmişdi.

Alyaskanı itirmək qorxusu

Ruslar Krım müharibəsindən sonra çox pul itirməyə başlamışdı. Gələcəkdə özlərini qorumaq üçün pula ehtiyacları vardı. Digər yandan, Alyaskadakı qida çatışmazlığı və çətin həyat şərtləri rusları onu satmağa məcbur etdi. Buna görə Çar II Aleksandr 1859-cu ildə amerikalılara bir təklif verdi.

Krım müharibəsi ərəfəsində Alyaska diqqətdən və müdafiədən kənarda qaldı. Çar bu səbəbdən bölgənin ələ keçiriləcəyindən ehtiyat edirdi.

Bütün dəniz yolları qarşı tərəfin gəmiləri tərəfindən idarə olunurdu. İngiltərənin Alyaskanı tutacağından qorxan Çar Rusiyası bunun baş verəcəyi təqdirdə sahib olduğu hər şeyi itirəcəyini bilirdi. Moskva və London arasında gərginlik artırdı. Amma Rusiya-Amerika münasibətləri hər zamankindən daha yaxşı idi. İki tərəfin ağlına gələn yekdil fikir Alyaskanın satılması oldu.

Rusiyanın Vaşinqtondakı səfiri Eduard Styokl Çar II Aleksandrın adından ABŞ Dövlət katibi Uilyam Syuardla danışıqlara başladı.

Çarəsiz imperator

Bürokratlar danışıqları davam etdirdiyi vaxt iki ölkənin ictimai rəyində belə bir anlaşmaya qarşı etiraz vardı.

Rus qəzetləri “Bir ölkə bu qədər qiymətli bir torpaq sahəsini qısa müddətdə necə asanlıqla tərk edə bilər?” - deyə yazırdı. Amerika nəşrləri isə hökumətdən bu suala cavab istəyirdi: “Amerika bu buz təbəqəsi və səhər yeməyində balıq yağı içən əlli min eskimosla nə edəcək?”

Etirazlara baxmayaraq, tərəflər Vaşinqtonda 1.5 milyon hektar rus torpağının cəmi 7.2 milyon dollara satılması barədə bir müqavilə imzaladılar. Vəziyyət son dərəcə kritik olduğundan Çar Rusiyasının danışıqlar aparmaq şansı yox idi.

Amerikanın ən böyük ştatı

Beləliklə, müharibədən sonra iflasa yaxın olan Çar Rusiyası Alyaskanı ABŞ-a 7.2 milyon dollara satdı. Satış 1867-ci il martın 30-da baş tutdu. Tərəflər arasında əldə edilmiş anlaşma ABŞ Prezidenti Endrü Conson tərəfindən imzalandı, Senatda təsdiq edildi. Yəni, Amerika ən böyük ştatına qovuşdu.

Amerikalılar Alyaskanın Rusiyadan satın alınmasını, ABŞ tarixində dövlətin ən strateji qərarlarından biri kimi qiymətləndirirlər. Təsadüfi deyil ki, ABŞ illər əvvəl verdiyi bu qərardan – Alyaskadan gələcəkdəki “soyuq müharibə”də Sovet Rusiyasına qarşı uğurla istifadə etdi.

Bu gün ABŞ-ın ən əhəmiyyətli hava hücumundan müdafiə qüvvələri Alyaskada yerləşir. Çünki rus ordusu Berinq boğazının əks tərəfində qərar tutub.

Qarın altındakı xəzinə

Çar Alyaskanı Amerikaya satanda bölgənin əsas yeraltı sərvətlərindən xəbərsiz idi. Amerika Alyaskanı ABŞ-dan hektarını 2 sentə almışdı. 1867-ci ildə 1 dolların məzənnəsi 1 rubl 60 qəpik idi. Yəni, rus çarı Alyaskanı 11 milyon 520 min rubla vermişdi.

1867-ci ildə çarlığın büdcəsi 10 milyon 933 min 500 rubl idi. Alyaskanın satışı büdcə gəlirlərində yalnız 2.5 faiz artımla nəticələndi. Yəni, bu anlaşmada uduzan tərəf Çar Rusiyası oldu.

Satışdan əlli il sonra ABŞ Alyaskanın bütün sərvətlərini gördü. Buz və qarın altında qızıl, almaz, neft, meşə, balıq, daş kömürü vardı. Belə desək, Amerika çardan “sudan ucuz” qiymətə satın aldığı Alyaskadan sonrakı illərdə trilyonlarla dollar qazandı.

Rus bayrağının endirilməsi

Alyaska 1867-ci il oktyabrın 18-də rəsmən Amerika ərazisinə çevrildi. Bölgənin rəsmi təhvil verilməsi Alyaskanın mərkəzində - Novoarxangelskdə baş tutdu. Amerika və rus əsgərləri bayraq dirəyinin hər iki tərəfində düzələrək, bayrağı endirməyə başladılar. Ancaq bayraq ilişmişdi, enmirdi. Əsgərlərdən biri dirəyə dırmaşaraq bayrağı aşağı saldı. Bundan sonra Novoarxangelskin adı Sitka olaraq dəyişdirildi.

Amerika vətəndaşlığını almaq istəməyən yüzlərlə rus əsgəri ticarət gəmilərində Alyaskanı tərk etdi.

1911-ci ildən bəri amerikalılar bu hadisənin ildönümünü böyük bir bayram kimi qeyd edirlər - Alyaska Günü kimi…


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər