Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Kanada və dünya ədəbiyyatının ən məşhur yazıçılarından biridir.
“Təbrizin ulduzlarla dolu göyünü də,
söküb atdılar arabanın üstünə
Minlərlə parlayan təbrizli göz
qışqırdı arabadan:
Apardılar, bizi apardılar...”
Rza Bərahəni – mühacirətdə olan azərbaycanlı yazıçı, şair, tənqidçi və siyasi fəal. Kanadanın Toronto şəhərində yaşayan Bərahəni Kanadanın PEN Klubunun keçmiş prezidenti, Toronto Universitetinin müəllimi olub. Bundan başqa, Tehran, Texas, İndiana, Yuta, Ayova, Bluminqton, İndiana, Merilənd və Baltimor universitetlərində dərs verib. Əllidən çox şeir, nəsr əsərləri, ədəbiyyat nəzəriyyəsi və tənqid kitabının müəllifidir. Əsərləri çox sayda dilə tərcümə edilib.
Məhkumiyyət
Rza Bərahəni 1935-ci ildə Təbriz şəhərində anadan olub. Təbrizdə kasıb, farsca bilməyən bir ailədə böyüyüb. Böyük qardaşı ilə onların Təbrizdə Pərvəriş adlı pullu məktəbdə oxumasına yaxın qohumlarından biri yardım edib. Təbriz Universitetinin İngilis dili fakültəsini bitirib. Türkiyədə ingilis ədəbiyyatı üzrə doktorluq dissertasiyasını müdafiə edib.
“Hakim və məhkum mədəniyyət” məqaləsinə görə tutulub, işgənclərə məruz qalıb. Məqalə azərbaycanlılar və İrandakı etniklərin milli-mədəni haqları haqlarından bəhs edib. Əlbəttə, indi olduğu kimi, İranda şah dövründə də, Azərbaycan türkcəsində məktəb qadağan idi. Heç bir əsas göstərilmədən 9 ay həbs edilib. Sərbəst buraxıldıqdan sonra yenidən universitetdə dərs deməyə başlasa da, işləməsinə əngəllər törədilib. Yenidən Amerikaya mühacirət etməyə məcbur olub. Ayova Universitetində dərs deyib.
“Allahın kölgəsi” (“Zillullah”) şeirlər kitabını orada yazıb. Ardınca İran həbsxanalarında baş verənlər haqda başqa bir kitab qələmə alıb. 1968-ci ildə yazdığı “Bəşəriyyət tarixi” kitabının İranda çap olunmasına icazə verilməyib.
Təkadamlıq kamerada yüz gün
Bərahəni yazıçı dostları Cəlal əl-Əhməd və Qulamhüseyn Sədi ilə birlikdə 1966-cı ildə İran Yazıçılar Birliyinin qurulmasına aparan ilk addımları atdı. Həmin il şahın baş naziri Əmir Abbas Hüveyda ilə görüşməsi şah rejimi ilə açıq gərginliyə səbəb oldu. Bu, İranda demokratiya uğrunda mübarizəni qızışdırdı. Şah hökuməti bundan sonra quruma təzyiqləri artırdı, bir çox üzvünü qorxutdu, bəzilərini tutub işgəncə verdi. Bərahəni də onların arasında idi. O, həmin günlərdə Texas və Yutada bir illik müəllimlik vəzifəsini tamamladıqdan sonra ABŞ-dan qayıtmışdı. 1973-cü ildə Tehranda həbs edildi. Bərahəni işgəncə gördüyünü və 104 gün təkadamlıq kamerada saxlandığını dedi.
Bir il sonra ABŞ-a qayıdan Bərahəni PEN-ə qatıldı və Edvard Olbi, Allen Ginzberq, Riçard Hovard və başqaları ilə İranda yaşayan yazıçıların azadlığı uğrunda mübarizəyə başladı, sözügedən qurumun Ədəbiyyat və Fikir Azadlığı Şöbəsinin fəxri sədri seçildi. Nəsr və poeziya əsərləri “Time Magazine”, “New York Times”, “New York Review of Books”, “American Poetry Review”-da dərc edildi.
Xoşbəxtlik gətirməyən inqilab
1976-cı ildə beynəlxalq insan haqları təşkilatları şahın mühacirətdə olan Bərahəni, digər yazıçılar və müxalifət liderlərinə qarşı sui-qəsd etmək üçün öz agentlərini ABŞ-a göndərdiyinə inanırdılar. Bərahəni PEN, Remsi Klark və digər qurumların yardımı ilə şahın cinayətkar planını ifşa edə bildi və dünyanın diqqətini buna çəkdi.
Bərahəni 1977-ci ilin fevralında “Penthouse”-da dörd səhifəlik məqalə yazdı və şah dövründə İranda siyasi məhbuslara necə işgəncə verilməsindən bəhs etdi. İranda siyasi məhbuslar və onların ailə üzvlərinə şah rejimi tərəfindən təzyiq olunduğunu, təcavüz edildiyini dünyaya çatdırdı.
Bərahəni 1979-cu ildə - şahın ölkədən qaçmasından dörd gün sonra digər otuzdan çox ziyalı ilə İrana qayıtdı. O, hakimiyyəti çevrilişlə ələ keçirən Xomeyninin ölkədə demokratiynı bərqərar edəcəyinə inanırdı, hətta onu buna görə müdafiə etmişdi. Amma Xomeyni də ölkəyə xoşbəxtlik gətirmədi.
Dar ağacına doğru
Bərahəninin o günlərdəki fəaliyyəti və yaradıcılığı üç istiqamətə yönəlmişdi: düşüncənin maneəsiz ötürülməsi, İrandakı etnik millətlərə bərabər hüquqlar və gender bərabərliyi. Bərahəni 1981-ci ildə İranda ziyalılar, liberallar və sol düşüncənin nümayəndələrinə qarşı təzyiq dalğasında növbəti dəfə özünü təkadamlıq kamerada tapdı. Rza Bərahəni solçu fikirlərinə görə həbs olunmuşdu, edamdan son anda xilas ola bilmişdi. Bundan sonra İranda qala bilməyəcəyini başa düşmüşdü.
Yeni rejim onu aldatmışdı. 1982-ci ilin qışında beynəlxalq ictimaiyyətin dini rejimə qarşı təzyiqi altında həbsxanadan çıxdıqdan sonra “əks-inqilabçı qruplarla əməkdaşlıq” ittihamı ilə Tehran Universitetindəki vəzifəsindən azad olundu və uzun illər ölkədən çıxmasına icazə verilmədi.
Xomeyninin ölümündən sonra Bərahəni dostları ilə Yazıçılar Birliyini yenidən canlandırmaq qərarı verdi. Bu məqsədlə Yazıçılar Birliyinin Məşvərət Şurasını qurdular. Şurada təmsil olunan yazıçıların adından üç bəyanat imzaladılar. Bərahəni bəyanatlardan birini ingilis dilinə tərcümə edərək PEN-ə göndərdi. Bundan sonra dini rejimin kəşfiyyatının təhdid və təzyiqləri qarşısında qalan Bərahəni bir neçə dəfə İnqilab Məhkəməsinə çağırıldı, “arzuolunmaz şəxs” elan edildi. Həyati təhlükə qarşısında qalan Bərahəni dostları ilə birlikdə İrandan qaçmaq barədə qərar verdi. O, PEN-in rəhbər şəxslərindən biri Yucin Şulqin və PEN-in prezidenti Ron Qremin köməyi ilə Kanadadan sığınacaq istədi. Kanadaya 1997-ci ilin yanvarında gəldi. Daha sonra PEN-in prezidenti oldu. 2000-ci ildən 2003-cü ilədək bu postda qalan Bərahəni Toronto Universitetinin professorudur.
İranda azərbaycanlı olmaq
Kanadadakı siyasi və ədəbi fəaliyyətində Məhəmməd Rza şah və dini rejimin hakimiyyəti dövründə ölkədə azərbaycanlılara qarşı aparılan assimilyasiya və milli ayrı-seçkilik siyasətinə qarşı yazılar yazdı, çıxışlar etdi.
Müsahibələrindən birində şah rejimi dövründə İranda azərbaycanlılara qarşı yürüdülən ayrı-seçkilik siyasəti haqda bunları demişdi:
“İranda azərbaycanlı olmaq baha başa gəlir. Səni yalnız onların xoşlarına gələcək şeylər haqda yaxşı bir yazı yazanda türk köklərini bir kənara ataraq, sayılan bir adam kimi qəbul edirlər. Hər dəfə bir azərbaycanlı kimi danışanda, cavab verəndə təhqirlərə məruz qalırsan. Azərbaycanlı kimi yazırsansa, qələmə aldıqlarının heç bir əhəmiyyəti ola bilməz. Damarlarında bir damla azərbaycanlı qanı axırsa, bu, sənə baha başa gələcək”.
Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı:
“Məktəbdə oxuduğum ilk illərdə mübahisə düşəndə hamı türk (Azərbaycan) dilində danışırdı. Dərsdə də türkcə danışırdıq. O zaman məktəbin divar qəzetini türk dilində hazırlayırdım. Ancaq Milli Hökumət devrildikdən sonra türk dili qadağan edildi. Əmr verildi ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində dedilər. Həmin dövrdə fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü evdəydim, narahat idim. Anam nə baş verdiyini soruşdu, hadisəni ona danışdım. Anamın mənə dediyi söz belə idi: “Oğul, türkcə yaz” – bunu heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırdım, yeni divar qəzeti hazırladım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından asdım. Amma məktəb direktorunun köməkçisi qəzeti oradan sökdü”.
1946-cı ildə Azərbaycan Milli Hökumətinin süqutundan sonra baş verənlər haqda:
“Onlar bizi Bələdiyyə meydanına toplayıb türk dilində yazılmış dərslikləri yandırmağa məcbur etdilər. Kitabların alovları başımızın üstünə - dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Təbrizi qoruyan fədailərdən biz uşaqların gözləri önündə arxalarına baxmadan getmələrini istəyirdilər, sonra gözlərimizin önündə onları güllələyib cəsədlərini su kanallarına atırdılar”.
Unudulmayan Azərbaycan
Rza Bərahəni bir neçə il əvvəl Bakıda olub.
Bir çox azərbaycanlı ziyalı kimi ölkəsini tərk etmək məcburiyyətində qalan yazıçı azərbaycan, türk, fars, ingilis, fransız və ərəb dillərini bilir. Bərahəni Azərbaycan dilində yazmasa da, Cəfər Pişəvərinin Azərbaycan Demokrat Firqəsinin hakimiyyəti dövründə bir il bu dildə təhsil alıb. Azərbaycan dilini yaxşı bilir. Bərahəninin romanları, şeirləri və digər əsərlərində həmişə Azərbaycan mövzusuna geniş yer verili. Bu əsərlərdə azərbaycanlı obrazı və Azərbaycanın təbiəti canlandırılır.
Rza Bərahəni Kanada İran Azərbaycanlılarının Dil və Ədəbiyyat Cəmiyyətinin təsisçilərindən biridir və bir neçə il cəmiyyətin sədri olub.
Taclı hanniballar
“NyuYork times”qəzetinin 1977-cü il 20 iyun sayında Rza Bərahəninin ”Taclı hanniballar” əsəri haqda məqalə çap olunub. Yazıda əsərə yüksək qiymət verilib. İrandakı şah rejimi zamanı gizli polisin - SAVAK-ın cinayətlərinin izinə düşən əsər müəllilfinin özü vaxtilə SAVAK-ın təcridxanasında keçirdiyi hisləri və şahidi olduğu olayları qələmə alıb.
Məqalədə qeyd edilib: “O, bizə dırnaqların kəlbətinlə çıxarılmasından, cinsi orqana elektrik cərəyanı verilməsindən, eləcə də məhbusların acınacaqlı durumundan – onlara yatmağa icazə verilməməsindən danışır. Baş verənlər real həyatla birbaşa əlaqəsi var”.
”Nyu York Tayms” Rza Bərahəninin 3-4 dildə yazdığını bildirib: “Onun birinci dili türk, yəni, öz doğma Azərbaycan dilidir”.
Məqalədə İranda qeyri-fars dillərinə qoyulan qadağalardan da bəhs olunub və Bərahəninin bununla bağlı apardığı mübarizəyə toxunulub. Bərahəni müsahibələrindən birində bu haqda deyib: “Biz fars dilinə xidmət etmək məcburiyyətində qalmışıq. Bizi elə vəziyyətə salıblar ki, öz dilimizə xəyanət etmişik. Nəyə görə mən, bir Azərbaycan ziyalısı 70 yaşımda belə bir hiss keçirməliyəm? Bizim dilimizi əlimizdən alıblar, mən istəmirəm ki, məndən alınan haqq başqalarından da alınsın. Biz imkan verməməliyik ki, bizdən sonra gələnləri öz dillərindən məhrum etsinlər”.
Nobelin bir addımlığında
Rza Bərahəni fransız və inglis dillərində nəşr olunmuş “Misdə qızıl”, ”Taclı hanniballar”,”Allahın kölgəsi”, ”Yurdumun insanları”, “Azadə xanım”, “İlyas bəy Nyu-Yorkda” və s. kimi kitabların müəllifidir. “Gənc Ayazın cəhənnəm fəsilləri” əsəri ingilis və fransız dillərinə tərcümə edilib.
Rza Bərahənin əsərlərinə yüksək ədəbi qiymət verilib. Bir neçə il əvvəl ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilsə də, sonradan namizədlər siyahısından çıxarılıb.