20 Mart 2021 09:05
3 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs sənət dünyasının ən məşhur rəssamlarından biridir.

Heydər Hatəmi - azərbaycanlı rəssam. ABŞ-da yaşayan Hatəmi Qətərin kral ailəsinin saray rəssamıdır.

Arazın sahillərində bir şəhər

Heydər Hatəmi 1945-ci il martın 3-da Güney Azərbaycanın Hadişəhr şəhərində anadan olub. Azərbaycan əsilli olan Hatəmi 14 yaşında - Təbrizdə orta məktəbdə oxuyarkən rəsm çəkməyə başlayıb. Orta məktəbi bitirdikdən sonra ilk rəssamlıq dərslərini Təbriz Rəssamlıq Akademiyasında alıb. Həmin illərdə Əbdül Bağiridən təzhib texnikasını, Aşot Babayandan heykəltəraşlığı öyrənib. Təhsilini Tehran Universitetinin İncəsənət fakültəsində tamamlayıb. Bu dövrdə Hüseyn Bəhzad və Əbu Talib Muğimi kimi sənətkarların tələbəsi olub. O, əsərləri bəzi müasir elementlərlə yanaşı, miniatür və təchib kimi klassik Şərq üslublarının sintezi üzərində qurulan rəssamdır.

Fərəhin mükafatı

Hatəmi ikinci kursda oxuyanda Beynəlxalq Xərçəng Cəmiyyəti üçün “Taxt-ə-Tavuş” medalını hazırladığı üçün mükafata layiq görülüb və şöhrət pilləsini qalxmağa başlayıb. Bu mükafatı ona şah sarayının Azərbaycan əsilli şahbanusu Fərah Pəhləvi təqdim edib. Bundan sonra Fərəhin istəyi ilə Şahnaz Pəhləvi Akademiyasında heykəltəraşlıq dərsləri verməyə başlayıb.

Tehran Universitetində oxuduğu illərdə çoxsaylı müsabiqələrdə birinci yeri qazanıb. “Fars İmperiyasının 2500 illiyi” münasibətilə qızıl pulları da o dizayn edib.

Hatəmi 1972-1978-ci illərdə Tehranda Sənət Mərkəzini qurub. Bu dövrdə sifarişlə heykəllər hazırlayıb. Səfəvilər hökmdarı - Şah Abbasın at üstündəki heykəli İsfahanda, “Quşlar və qaya” heykəlləri isə Tehranda ucaldılıb.

“Son osmanlı”

Hatəmi və ailəsi İslam inqilabından 4 il sonra - 1983-cü ildə Türkiyəyə köçüb. Bursa və İstanbulda rəssamlığı davam etdirib. Türkiyənin sənət dünyasında şərqşünaslıq hərəkatına öncüllük edib. Bu dövrdə onun rəsmləri Sabancı Kolleksiyası və bir çox digər şəxsi kolleksiyalarda özünə yer tapıb. Heydər Hatəmi Osmanlının miniatür üslubunu yaşadan son nümayəndələrindən biridir.

1983-cü ildə ailəsi ilə gəldiyi Bursada Tehranda qurduğu Dizayn Sənət Mərkəzini yenidən qurub.

1997-ci ildə ABŞ-a köçüb. Elə həmin il Qətərin kral ailəsi ilə işləməyə başlayıb.

Kral ailəsi ilə tanışlıq

Müsahibələrindən birində kral ailəsi ilə tanışlığı haqda bunları deyib:

“Qətərin kral ailəsi ilə görüşüm 1997-ci ildə baş tutdu. Media və tanıdıqları sənət qalereyasının sahibləri vasitəsilə mənimlə əlaqə qurdular. İstanbula gələndə məni qaldıqları otelə dəvət etdilər. Həmin vaxt Qətərdə yeni saray tikilirdi. Məndən bu sarayın sənət məsləhətçisi olmağımı istədilər. Bu vəzifəm bu gün də davam edir.

Kral ailəsində sənətə böyük maraq var. Saraylarında bir çox sənətkarın əsərləri var. Onlarla uzun müddət işlədiyim üçün bir çox əsərlərimi Qətər saraylarında görə bilərsiniz”.

Peyğəmbərlərin hekayələri

Hatəmi karyerasının əvvəllərində təchib texnikası və miniatürə böyük maraq göstərib. Osmanlı İmperiyası və digər tarixi mövzularda çəkdiyi rəsmlər sənət dünyasında maraqla qarşılanıb. Miniatür ustalarına olan heyranlığı və bunu daha yeni mövzularda tətbiq etmək istəyi, 2003-cü ilin əvvəllərində ən məşhur seriyası olan “Peyğəmbərlərin hekayələri”nin yaradılmasına səbəb olub. Heydər Hatəmi bu seriyada Quran, İncil və Tövrat üçün ümumi olan peyğəmbərlərin hekayətlərini təsvir edib. Dinlərarası dialoq hərəkatını sənətə əks etdirmək üçün başladılan bu layihəsi beynəlxalq mədəniyyət mərkəzləri tərəfindən yüksək səviyyədə dəstəklənib.


Müəllif: Mənsur Rəğbətoğlu