Adını Roma mifologiyasındakı tanrılardan biri olan Yupiterdən alıb. Yunan mifologiyasında onun ekvivalenti Zevsdir. Ən böyük planet elan edildikdən sonra ən böyük tanrının adı ona verilib. Yupiter o qədər böyükdür ki, eni təxminən 11 Yer boyda planetə bərabərdir. İçərisinə 1320 bu böyüklükdə göy cismi sığa bilər.
İlk dəfə e.ə. VIII əsrdə babillilər tərəfindən görülüb. Qaliley 1610-cu ildə Yupiterin dörd peykini kəşf edəndə, bu, Yerlə yanaşı, digər göy cisimlərinin fırlandığına dair ilk dəlil oldu. Kəşf Kopernikin heliosentrik nəzəriyyəsi üçün daha çox dəlil təmin etdi.
Yupiter dünyadan gözlə görünə bilən beş planetdən biridir.
Ailənin ən böyüyü
Yupiter Günəş sistemində Günəşə ən yaxın olan beşinci planetdir və planetlərin ən böyüyüdür. Yer və Veneradan sonra üçüncü ən parlaq planetdir.
Yupiterin atmosferinin tərkibi də çox maraqlıdır. Əsasən hidrogen, helium və digər maye maddələrdən ibarətdir. Təqribən 90% hidrogen, 10% heliumdan... Yəni, əksər digər planetlərdə olduğu kimi qatı planet deyil. Qazlı maddələrin birləşməsindən ibarətdir. Planetin tərkibi demək olar ki, Günəşlə eynidir. İkisi arasındakı yeganə fərq, Günəşin Yupiterdən daha böyük olmasıdır. Bu kompozisiya Yupiteri “uğursuz ulduz” elan edən nəzəriyyəni dəstəkləyir.
Yupiterin bu qədər rəngarəng olmasının səbəbi tam olaraq məlum odeyil. Ancaq atmosferindəki kükürd-fosfor birləşməsinin buna səbəb olduğu ehtimal edilir. Bəziləri bunun küləklər və planetin daxili istiliyinə görə olduğuna inanır, digərləri Yupiterin sürətlə fırlanmasından qaynaqlandığını düşünür. Hələlik bu rənglar açılmamış bir sirdir.
Qanimedin kölgəsi
Yupiter Böyük Qırmızı Ləkəsi ilə məşhurdur. XVII əsrdə müşahidə olunan ilk nəhəng nöqtədir. Nəhəng qırmızı nöqtə dünyadan daha böyükdür. Əslində, Böyük Qırmızı Ləkə 400 ildən çoxdur davam edən qorxunc qasırğadır. O qədər böyükdür ki, 3 Yer boyda planet onun içinə sığa bilər. Bu qasırğa planetin cənub yarımkürəsində saatda 720 km-ə çata bilir. Bu, Yupiterdəki yeganə qasırğa deyil. Atmosferi demək olar ki, qaz okeanına bənzəyir və şərq-qərb küləyinin 400 km-ə çatması sayəsində planetin üzərində spiral şəklində görüntülər əmələ gəlir. Eyni zamanda, Böyük Qırmızı Ləkədə böyük bir qara ləkənin olduğu da güman edilir. Əslində, bu, Qanimedin kölgəsidir.
Yupiterin dörd təbii peyki 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilib. Bunlar “Qaliley” adlandırılan peyklərdir. Ümumiyyətlə, Yupiter Günəş sistemində ən çox peyki olan planetdir. 67 peyki olan bu planeti digərlərindən fərqləndirən bu xüsusiyyətdir. Məsələn, Yupiterin peyklərinin ən böyüyü olan Qanimed Günəş sisteminin ən böyük peykidir. Diametri 5.268 km-dir, Merkuri və Plutondan daha böyükdür.
Yupiter missiya üçün kosmosa göndərilən 8 kosmik gəmi tərəfindən öyrənilib. NASA 1979-2007-ci illər arasında Yupiterə bir çox kosmik gəmi göndərib. Bunlar “Pioneer 10”, “Pioneer-Saturn”, “Voyager 1”, “Voyager 2”, “Ulysses”, “Galileo”, “Cassini” və “New Horizons”dur.
Yupiter qırmızı, qəhvəyi, sarı və ağ rəngli buludları ilə məşhurdur. Bu buludlar planetdə zolaq kimi görünür və Yupiterə çox fərqli görünüş verir.
Həlqənin içindəki kürə
Saturn və Uran kimi tanınmasa da, Yupiterin ətrafında zəif həlqə sistemi var. Bu həlqəni görmək asan deyil, çünki tozdan ibarətdir. Həlqənin peyklərdən qopan cisimlərin Yupiterin cazibəsinə düşdüyü vaxt meydana gəldiyi ehtimal olunur. Bir başqa ehtimal da, iki kiçik peykin toqquşması nəticəsində əmələ gəlməsi ilə bağlıdır.
İlk dəfə 1976-cı ildə “Voyager” tərəfindən müşahidə olunan Yupiterin həlqə sistemi üç əsas komponentə malikdir. Bunlar “İşıq həlqəsi” (qalın daxili həlqə), “Ana həlqə” (geniş düz həlqə) və “İncə həlqə”dir. Bir də bir cüt sönmüş kənar həlqə var.
Yupiter Günəş sistemindən sonra ən güclü maqnit sahəsinə sahibdir. Bu nəhəng planet maye hidrogen okeanıdır. Yüksək fırlanma sürəti sayəsində planetin içindəki maye ətrafdakı hər şeyi özünə çəkir və güclü maqnit sahəsi yaradır. Yupiterin maqnit sahəsi yerdəkindən 16-54 qat daha güclüdür.
Yupiter, eyni zamanda, Mars kimi digər planetlərin orbitini dəyişdirmə qabiliyyətinə malikdir. Bu onun çəkisindən irəli gəlir.
Yupiter kometləri və asteroidləri udaraq, bir növ Yer kürəsinin xilaskarı rolundan çıxış edir. Əks təqdirdə, bu kometlər və asteroidlər Yerlə toqquşa və böyük fəlakətlərə yol aça bilər.
Yupiterin üzərində heç bir həyat formasını dəstəkləmək üçün uyğun şərait yoxdur.
Elm adamları Yupiterin indikindən 80 qat daha böyük bir ulduz ola biləcəyini düşünürlər.
Külək cəhənnəmi
Yüksək sürətlə fırlanması və qatı kütlənin olmaması səbəbindən Yupiterin qütbləri düz formadadır, ekvator xətti isə şişib. Eyni zamanda, bu sürətli fırlanma səbəbilə digər planetlərdən daha çox kürə şəklindədir.
Yupiter göydəki ən böyük radio emissiya mənbəyidir.
Yupiter yerdən 318 dəfə ağırdır.
Yupiterin çəkisi Günəşin çəkisinin mində birinə, bütün digər planetlərin çəkisinin iki yarım mislinə bərabərdir.
Günəşdən məsafəsi 750 milyon km-dir. Günəş işığı Yerə 8 dəqiqə 20 saniyəyə çatırsa, 43 dəqiqə ərzində Yupiterə çatır.
Yupiter küləkli planetdir. Saatda 192 km-dən 400 km-ə qədər əsən küləklərə ev sahibliyi edir.
8 planet arasında bir günü ən qısa çəkən göyü cismidir. Yupiter günəş sistemindəki digər planetlərdən daha sürətli fırlanır. Öz ətrafında fırlanmasını tamamlamaq 10 saat çəkir. Bu o deməkdir ki, Yupiter üçün bir günün uzunluğu cəmi 10 saatdır.
Yupiterin bir ili Yerdəki 12 ilə bərabərdir.
Yerdə 100 kq ağırlığında olan bir astronavt Yupiterdə 240 kiloqram ağırlığında olur.
Göylərin mancanağı
Yupiterin başqa bir maraqlı tərəfi, planetin ekvatorunun qütblərindən fərqli sürətlə fırlanmasıdır. Ekvatorda bir gün təxminən 9 saat 50 dəqiqə, qütblərdə isə 9 saat 56 dəqiqədir.
Yupiterdə fəsillər arasında vaxt uzun çəkir. Bunun səbəbi oxunun yalnız 3.17 dərəcə əyilməsidir. Bu, Merkuridən sonra ən aşağı əyilmədir. Yupiterdə bir fəsildən digər fəsilə keçid 3 il davam edir. Fəsillər arasındakı istilik fərqi azdır.
Nəzəriyyələrdən birinə görə, Yupiter “uğursuz ulduz”dur. 80 qat daha böyük olsaydı, nüvədə birləşmə baş verərdi ki, bu da onu planet deyil, bir ulduza çevirə bilərdi. Buna baxmayaraq, ölçüsü və ətrafındakı peyklərlə mini Günəş sistemini xatırladır.
Yupiterin başqa cazibədar xüsusiyyəti də Günəşdən aldığı istilik və ya enerjidən daha çox enerji yaymasıdır. Bunun səbəbi planetin nəhəng olmasıdır. Bunun nəticəsində, Yupiter güclü cazibə qüvvəsi tətbiq edərək planetin bütöv şəkildə sıxılmasına səbəb olur. Bütün bu daxili qüvvə kosmosa yayılan böyük həcmdə istiliyin yaranmasına imkan verir.
Qatı səthi olmadığına görə bir kosmik gəmi Yupiterə enə bilmir. Planet daha çox ətrafda fırlanan qaz və mayelərdən ibarətdir.
Alimlər Yupiterin güclü cazibəsindən kosmik gəmilərdə katapult effekti yaratmaq üçün istifadə edə, bunun nəticəsində Saturn, Uran və Neptuna daha asanlıqla çata bilirlər.