ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu yaxınlarda mətbuatda yayılan piramida formalı UNO görüntülərinin donanma personalı tərəfindən çəkildiyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, açıqlamada görüntülərin 2019-cu ilin avqust ayında çəkildiyi bildirilib.
Sənədli filmlərin rejissoru Ceremi Korbell bu yaxınlarda bir video yayımlamışdı. Kadrlarda piramida formalı naməlum obyekt yer almışdı. Bundan sonra videonun Pentaqon tərəfindən çəkildiyi iddiaları gündəmə gəlmişdi. Pentaqon bu görüntünün Hərbi Dəniz Qüvvələrinin personalı tərəfindən çəkildiyini təsdiqləyib.
Qeyd edək ki, ötən həftələrdə ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Retşilf UNO mübahisələrini yenidən alovlandıracaq açıqlamalar verib.
Retşilf ABŞ-ın səs sürətini asanlıqla keçən obyektlərə dair dəlilləri olduğunu iddia edib.
Sözügedən obyektlərin izahedilməz manevrlər etdiyini söyləyən Retşilf bu görüntülərdən bəzilərinin yayımlandığını vurğulayıb.
Pentaqon isə bu yaxınlarda UNO görüntülərini araşdırmaq üçün yeni komanda formalaşdırıb.