8 İyul 2021 16:40
1 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkəmizdə yaşından, cinsindən, bəzən isə sosial durumundan asılı olmayaraq, intihar edənlərin sayı artıb. İntihar sadəcə insanın öz həyatına son qoyması demək deyil, bəzən insanın yüklərdən, gündəlik yaşam tərzindən, bezdiyi həyatdan, eşitdiyi sözlərdən, yaşadığı gərginlikdən qurtulma istəyi deməkdir. Bəzən isə bu, “məni görün, məni eşidin, mən də var idim”, - deyə bir üsyandır.

Biz sadəcə intihar edən insanları görürük, amma intihara təşəbbüs edən o qədər insanlar var ki, onların sayını bilmirik...

Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadəyə görə, intihara səbəb tənhalaşmaq və içimizdəki körpəni öldürməkdir:

“Ətrafımızda böyük bir qələbəlik var, ancaq biz tənhayıq. Nədir bizi tənhalaşdıran səbəblər? Nə üçün biz ölmək üçün bu qədər səbəblər tapdığımız halda, yaşamaq üçün səbəblər axtarmırıq? Körpə uşaqları izləyin, onlar təklikdə belə oynamaq üçün nə qədər səbəblər tapırlar. Ən bahalı əşyalar içərisində anasının işlətdiyi gündəlik əşyalar onun üçün alınmış ən bahalı oyuncaq avtomobildən daha dəyərlidir. Gəlin, düşünək. Bizi tənhalaşdıran bəlkə içimizdəki uşağı öldürməyimizlə başlayır. Bezdirici səbəblərimiz və bizi həyata bağlayan səbəblərimiz tərəzinin gözündə tarazlaşır, yoxsa yaşamaq üçün olan səbəblərimiz daha ağır gəlir?”
L.Nəzirzadə insanları yaşamağa səsləyir: “Əgər özündən başqa həyatda bir nəfərə fayda verə bilirsənsə, deməli, yaşamağa dəyər. Ölməyə nə var ki, siz elə bilirsiniz ki, ölmək cəsurluqdur? Həyatda qalıb yaşamaq cəsarət istəyir, daha böyük iradə istəyir. İçinizdəki körpəni hər zaman yaşadaraq onun əlindən tutub ancaq irəli gedin”.

İnsanı intihara təhrik edən səbəblər fonunda vəziyyətdən çıxış yolu olaraq ölümün seçilməsi həmin anda onun üçün ən məntiqli davranış kimi görünə bilər.

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, intihar mənəvi aclığın sonu, insanın ruhunun əvvəldən ölməsidir: “İntihar edən şəxslər hiss olunur. Sadəcə onun ətrafındakı şəxslər lal, kar, kordurlar. İntihar edən şəxslərin qatili əslində cəmiyyətdə hər birimizik. Heç kim birdən-birə intihar etmir, heç kəs nə xoşbəxtlikdən, nə də bədbəxtlikdən intihar etmir. Uşaqlıqdan bunun təməli qoyulur...
Ailədə bir söz deyirlər: Ölsəydim, canım qurtarardı. Bunu uşaqlarının yanında deyirlər və onların şüuraltında belə bir iz qalır, həm də böyük hərflərlə: ölüm can qurtarandır. Amma anlamırlar ki, onun ölümü özlərindən başqa heç kimə ziyan vurmayacaq. Bu həqiqəti qəbul edib çətinliklərlə savaşmaq lazımdır. Çarəsiz bir şey yoxdur, sadəcə biz variantları görmürük. Ailə, məktəb, universitet, cəmiyyət – gəlin, məsuliyyətli olaq, duyarlı olaq və bir-birimizi mənəvi aclıqdan xilas edək”.

Sosial statusundan asılı olmayaraq, kimsənin “çıxış yolu” və ya “intiqamı”ı intihar olmamalıdır. Özünüzü, doğmalarınızı, sevdiklərinizi qoruyun! İntihara SON deyin!

Video: Röyal Adıgözəlov

Montaj: Ramazan Vəliyev


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər