18 İyul 2021 08:52
6 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Şotlandiya şahmatının tanınmış simalarından biridir.

Murad Abdulla — Azərbaycan əsilli Şotlandiya şahmatçısı, 2017-ci ildən FIDE ustası, 2017 və 2018-ci illərdə kişilər arasında Şotlandiya çempionatının qalibi.

Murad Mahir oğlu Abdulla 2000-ci ildə Şotlandiyanın Ferrihill şəhərində anadan olub. Şotlandiyanın Harlou Şahmat Akamdemiyasının məzunudur. Hələ kiçik yaşlarından şahmatla məşğuldur.

“Nəhənglərin qatili”

Muradın beynəlxalq yarışlarda ilk debütü 2010-cu ilə təsadüf edir. Həmin il Şotlandiyanın Aberdin şəhərində ümumilikdə 120 nəfərin iştirakı ilə keçirilən turnirə qatılır. Turnirdə qalib gələnlərdən biri də 10 yaşlı Murad idi. Şotlandiya mediası turnirdəki inamlı qələbəsinə görə “Nəhənglərin qatili” adını verir.

Murad Abdulla 2015-ci ildə Aberdində keçirilən başqa bir beynəlxalq yarışda qalib gələrək, turnirin ən yüksək mükafatını qazanır. Yarışdakı qələbələrinə görə, aberdinli Anna Milton və Murad Abdulla Şotlandiyada “İlin gənc şahmatçısı” adına layiq görülürlər. Mükafatları gənc oyunçulara dövrün Şotlandiya Prezidenti Hemiş Qlen tərəfindən təqdim olunur. Prezident hər iki şahmatçını “Şotlandiyanın fəxri” adlandırır.

Murad Abdulla 2017-ci ildə Dandi şəhərində keçirilən kişilər arasında Şotlandiya şahmat çempionatının qalibi olub. Həmin vaxt Muradın cəmi 16 yaşı vardı.

On altı yaşlı FIDE ustası

2017-ci ildə Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən “FIDE ustası” adı verilib.

Azərbaycanlı 2018-ci ildə eyni uğuru təkrarlayaraq, kişilər arasında Şotlandiyanın ikiqat şahmat çempionu adını qazanıb. Eyni zamanda, həmin il Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində mübarizə aparıb.


Müəllif: Mənsur Rəğbətoğlu