Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduğunu çox azımızın bildiyi, çoxumuzun isə xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Almaniya rəssamlığının tanınmış simalarındandır.
O, Almaniyada yaşayan azərbaycanlı əsilli rəssam və heykəltəraşdır.
Əkbər Behkəlam 1944-cü il sentyabrın 16-da Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. 1961-ci ildən 1964-cü ilə qədər Təbriz Rəssamlıq Akademiyasında təhsil alıb. Hərbi xidmətdən sonra Türkiyənin İstanbul şəhərinə köçüb. Memar Sinan adına İncəsənət Universitetinə daxil olub. Türkiyənin məşhur rəssamı Bədri Rəhmi Əyyuboğlunun tələbəsi olub.
Hərəkət və dəyişiklik
1972-1974 -cü illərdə Paris, Frankfurt, Roma və Berlin də daxil olmaqla Avropanın müxtəlif şəhərlərində yaşayıb. 1974-cü ildə Təbriz Rəssamlıq Akademiyasında dərs demək üçün Güney Azərbaycana qayıdıb.
1976-cı ildə siyasi təzyiqlər səbəbindən İrandan gedib. O vaxtdan Almaniyanın paytaxtı Berlində yaşayır.
1989-cu ildə Brandenburqda qurduğu studiya bu gün də fəaliyyət göstərir. Həmin il “Hərəkət və Dəyişiklik, Rəsm və Eskizlər: 1977–1988” kitabını nəşr etdirib.
“Allahın adı ilə ədalət”
Əkbər Behkəlamın ilk əsərləri əsasən siyasi motivlidir. Amma zaman keçdikcə əsərləri mücərrəd çalarlar almağa başlayıb. İlk əsərlərində Şərq miniatür rəssamlığı və Yeni Avropa realizmindən təsirləndiyi özünü göstərir. Rəssamın sonrakı əsərləri daha çox mücərrəd çalarlardadır. Əsərlərinin əsas diqqət nöqtəsi kütləvi hərəkatların formalaşması və xoreoqrafiyasının təsvirləridir.
Əsərlərində təkrarlanan mövzulardan biri də İranın mürəkkəb tarixi ilə bağlıdır. Məsələn, 1977-1979-cu illərdə ərsəyə gətirdiyi “Persepolis” seriyasında şah rejiminin edam dəstələri ilə üzləşən köhnə İran ikonoqrafiyası təsvir olunur. 1980-ci illərdə İranda teokratik rejimin insan haqlarını pozmasını dini olaraq “qanuniləşdirməsinin” təsvir edildiyi “Allahın adı ilə ədalət” seriyasını hazırlayıb.
Alman inqilabı
Əkbər Behkəlam 1984-1986-cı illərdə 1848-ci il Alman inqilabı ilə bağlı geniş araşdırmalar aparıb. 1986-cı ildə bu mövzuda Berlin Dövlət Rəsm Qalereyasındakı fərdi sərgisində təqdim olunan bir neçə böyük rəsm əsərlərini nümayiş etdirib.
Rəssam öz əsərlərini Avropa, Asiya, Şimali və Cənubi Amerikada keçirilən bir çox sərgidə təqdim edib. 2009-cu ildə Özbəkistanda keçirilən beynəlxalq müsabiqədə qalib olub.
Alman qadınla evli olan Behkalamın iki övladı var.