8 Sentyabr 2021 09:23
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Berger “Portretlər” əsərində yazır: “Ölümündən təxminən bir ay əvvəl qələmlə çəkdiyi qadın rəsmlərinə yenidən baxdım. Bunlar üçün poza verməyən Janna haqqında danışmaq istəmirəm. Onsuz da heç kim poza verməmişdi. Amma mən heç vaxt yoxluğu bu qədər aşkar göstərən başqa rəsm görməmişəm. Sanki orada dayandığını təsəvvür etdiyin qadın ayrılıb gedərkən, təxəyyülə dəfələrlə toxunmaq üzrədir, vaxtilə bədənini örtən kölgələri ora qoyaraq gedib. Qeyb olmanın rəsmləri...”

Özü isə intiharından əvvəl bunu demişdi: “Rəsmdən başqa cavab tapa bilmədiyim bütün təəssüratlardan, duyğulardan və narahatlıqlardan azad olmaq üçün rəsm çəkirəm”.

Pyotr qalasının son komandanı

1914-cü il yanvarın 5-də Sankt-Peterburqda doğulan Nikolay de Ştal Pyotr qalasının son komandanı general Vladimir Ştal fon Holşteynin və onun ikinci xanımı Lyubova Berednikovanın oğludur. Zadəgan və yüksək rütbəli hərbçinin oğlu olan Nikolayın ailəsi 1917-ci ilin Oktyabr inqilabı zamanı Rusiyadan Polşaya qaçmaq məcburiyyətində qalıb. Atası və ögey anası öldükdən sonra - səkkiz yaşında yetim qalan kiçik Nikolay 1922-ci ildə özündən böyük bacısı ilə Brüsseldə bir rus ailəsinə göndərilib. Brüsseldə rusiyalı mühacirlərin uşaqlarının təhsil aldığı Cizvit kollecində oxuyub.

De Ştal Brüsseldə İncəsənət Akademiyasında rəssamlığı öyrənib. 1930-cu illərdə Fransa, İspaniya və İtaliyanı velosipedlə gəzib. Fransa, Mərakeş və Əlcəzairdə yaşayıb. Mərakeşdə yaşayarkən, özü kimi rəssam olan və 1940-cı illərdə Ştalın bəzi əsərlərində yer alan ilk həyat yoldaşı Jannin Giyu ilə tanış olub.

1936-cı ildə Brüsseldə Bizans ikonası üslubunda çəkdiyi rəsmlərindən ibarət sərgisini açıb. 1939-cu ildə Fransa Legionuna qatılıb, iki il sonra tərxis edilib. 1940-cı ildə gələcəkdə əsərlərinin satışına vasitəçilik edəcək Janna Buxerlə tanış olub.

Aclıq illəri

1944-1946-cı illər rəssamın axtarış və qərarsızlıq içində keçirdiyi və bir çox məhrumiyyətlərlə üzləşdiyi kədərli illərdi. Bu dövrdə çox az sərgi keçirdi və o qədər də diqqəti cəlb etmədi. 1945-ci ilin fevralında Janna Buxerin qalereyasında keçirilən sərgi istisna olmaqla... O günlərdə Parisdə yoxsul qulluqçu otağında yaşamış, Janninin xəstəliyi və ölümü rəssam üçün ağır zərbə olmuşdu. Əlbəttə, ora qədər hələ çox vardı...

Rəssam 1941-ci ildə Fransanın Nitsa şəhərinə köçüb və burada ilk mücərrəd rəsmlərinə - kompozisiyalarına ilham verən Jan Arp, Sonya Delon və Robert Delonla tanış olub. 1942-ci ildə Jannin və Nikolay de Ştalın qızı Anna dünyaya gəlib. Janninin doqquz yaşlı oğlu Antuan da onlarla birlikdə yaşayıb. Nasist Almaniyası Fransanı işğal etdikdən sonra Ştal ailəsi Parisə qayıdıb.

Müharibə illəri hamı kimi onlar üçün də xoş keçməyib. Ştal o illərdə bir çox sərgiyə qatılıb. 1944-cü ildə Jorj Brakla dostlaşıb. Bundan sonra Parisdə ilk fərdi sərgisini açıb. 1945-ci ilin aprelində də ikinci fərdi sərgisini təşkil edib. Əsərləri 1945-ci ilin may ayında keçirilən ilk Salon de May sərgisində nümayiş etdirilib. Elə həmin il rəsmləri “Payız” sərgəsinə daxil olunub. 1945-ci ildə keçirilən bu sərgilər rəssamı məşhurlaşdırıb. Ancaq bu dövrdə başlayan maddi çətinlik uzun çəkib. Ərzaq qıtlığı həyat yoldaşı Janninin xəstələnməsinə səbəb olub. 1946-cı ilin fevralında bu xəstəlikdən vəfat edib.

İşıqlı günlər

De Ştal Janninin ölümündən sonra tanış olduğu Fransuaza Şaputonla həmin ilin mayında evlənib. 1946-cı ilin oktyabrında rəssam dostu Andre Lanskoy vasitəsi ilə Luis Karrla müqavilə bağlayıb. Karr rəssamın bütün rəsmlərini almağa razı olub. Artan populyarlığı və bu müqavilədən əldə etdiyi gəlir sayəsində ailə 1947-ci ilin yanvarında daha böyük bir evə köçüb. Rəssam 1947-ci ildə qonşusu, amerikalı rəsm əsərləri satıcısı Teodor Şempplə dostluq etməyə başlayıb. Studiyaları yaxın olduğu üçün Jorj Brakla dostluğunu gücləndirib. 1947-ci ilin aprelində ikinci qızı Lourens, 1948-ci ilin aprelində oğlu Jerom dünyaya gəlib. Elə həmin il alman rəssam Conni Fridlenderlə uzun dostluğu başlayıb.

Əsərləri artıq dünyanın diqqətində idi. 1950-ci ildə Parisdə növbəti fərdi sərgisi keçirilib. Bundan əlavə, Şempp rəssamın əsərlərini Nyu-Yorkdakı mənzilində təşkil etdiyi xüsusi sərgidə təqdim edib. Elə həmin il əsərləri Leo Kastelli tərəfindən Nyu-Yorkdakı Sidney Janis Qalereyasında keçirilən sərgisində nümayiş olunub. 1952-ci ildə London, Montevideo və Parisdə fərdi sərgiləri keçirilib. Beləliklə, rəssam 1950-ci illərin birinci yarısında ABŞ və İngiltərədə böyük uğurlara imza atıb.

Əsərlərinin çoxu “Phillips Collection”un qurucusu Dunkan Fillips kimi önəmli kolleksiyaçılara satılıb. 1953-cü ilin martında “M. Knoedler & Co.” Qalereyasında şəxsi sərgisini açıb. Həmin il Vaşinqtonda növbəti sərgisini təşkil edib. “Phillips Collection” bu sərgidən iki rəsm də alıb. 1953-cü ildə ABŞ-a səyahət edən Ştal və həyat yoldaşı Francoise bir sıra nüfuzlu şəxslərlə görüşüb.

Tənqidlər, pullar

Parisə qayıdan de Ştal o vaxt şəhərdə olan nyu-yorklu rəsm əsərləri taciri Pol Rozenberqlə görüşüb. Rozezenberq rəssama imtina edə bilməyəcəyi müqavilə təklif edib. Ştal Rozenberqin fransız əsilli olması və özünün də heyran olduğu Nyu-Yorkdakı bir çox kubist rəssamla tanış olması səbəbindən onunla razılaşıb. 1953-cü ilin sonunda rəssamın əsərlərinə tələb o qədər artmışdı ki, Rozenberq ödədiyi məvacibi artırmış, yeni əsərlər tələb etməyə başlamışdı. 1954-cü ildə keçirilməsi planlaşdırılan şəxsi sərgisinə də böyük tələbat yaranmışdı. Buna görə də Rozenberq eksponatlara on beş rəsm əsəri əlavə etmişdi. Parisdəki “Jak Duborq” Qalereyasında keçirilən bu sərgidə Ştal mücərrədlikdən uzaqlaşmağa başladı, mənzərə rəsmlərinə üz tutdu. Buna görə sənət dünyasında sərt tənqidlərə məruz qalsa da, böyük pullar qazandı.

1954-cü ilin aprelində Ştalın dördüncü övladı Qustav doğuldu. Həmin ilin payızında rəssam ailəsi ilə birlikdə Antibə köçdü.

Yolun sonu

1953-cü ildə psixi sağlamlıq problemləri səbəbiylə de Ştal özünü təcrid etmək haqda düşünməyə başladı. Bu səbəbdən Antibə köçmüşdü. Yorğunluq və yuxusuzluqdan əziyyət çəkirdi, depressiyadan çıxa bilmirdi. Təhqiramiz fikirlər söyləyən bir tənqidçi ilə keçirdiyi görüşdən də təsirlənərək 1955-ci il martın 16-da studiyasının terrasından özünü aşağı ataraq intihar etdi.

Qoge prospektində

Yaradıcılığı 1940-cı ildən başlayan de Ştal karyerası ərzində təxminən mindən çox rəsm əsəri çəkib. Əsərlərində Qustav Kurbe, Pol Sezann, Anri Matiss, Pablo Pikasso, Jork Brak, Fernand Leje və Xaim Sutin, eləcə də Rembrandt, Vermeyr və Herkules Seqers kimi holland dahilərin təsirləri özünü göstərir. Karyerasına 1940-cı illərdə mənzərələr, natürmortlar və portretlər çəkməklə başlayıb, tədricən mücərrədliyə keçib. Fərqli mücərrəd üslubu ABŞ ekspressionizmi və Fransa takizminə bənzəsə də, de Ştal öz üslubunu onlardan asılı olmayaraq inkişaf etdirmişdi.

Nikolay de Ştalın rəsmləri 1947-ci ildə məskunlaşdığı Qoge prospektindəki böyük atelyesində davam etdirdiyi əsərlərlə, abstraksionizm adlanan hərəkatın ən sıx ifadəsi və ən orijinal nümunəsi kimi formalaşmağa başlamışdı. Rəssamın seçdiyi bu istiqamət bəzən sintetik, bəzən də analitik olaraq özünü göstərir və bütün addımlarda reallığa üz tuturdu. Bunlarda sübutdan həllini tapmayan axtarışlara qədər bütün mərhələlərdə özü ilə rastlaşmaq ehtimalı vardı.

Rəssam mücərrəd rəsmə meylini bu sözlərlə ifadə edib: “Bir cisimdə eyni anda mövcud olan sonsuz sayda nəsnə tapılmasının qəribəliyi ilə üzləşdiyim üçün, bir cismi ona bənzədəcək şəkildə çəkmək mənə qərubə gəlir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər