6 Noyabr 2021 18:10
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süni intellektin bəşəriyyəti məğlub edəcəyi fikri onilliklərdir müzakirə edilir. Bir qrup elm adamı 2021-ci ilin yanvarında bir kompüterdə yerləşən super süni intellektə nəzarət edib-edə bilməyəcəyimiz barədə qərar verib. Araşdırma nəticəsində belə qənaətə gəlinib ki, onu idarə etmək mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə “Journal of Artificial Intelligence Research”-də dərc olunan məqalədə bildirilib.

Məsələ burasındadır ki, bizim insanların ağlına gəlməyən bir super intellektə nəzarət etmək üçün analiz edə biləcəyimiz bir super intellekt simulyasiyasına ehtiyacımız var. Amma bunu dərk edə bilməsək, belə bir simulyasiya yaratmaq mümkün deyil.

Robot etikası

Araşdırmanın müəlliflərinə görə, süni intellektin hansı ssenarilər qura biləcəyini anlaya bilmirik, buna görə də onun qarşısında “insanlara zərər verməmək” kimi qaydalar da qoya bilmərik. Əgər kompüter sistemi imkanlarımızdan kənar səviyyədə işləyirsə, ona məhdudiyyətlər tətbiq etmək mümkün deyil.

Tədqiqatçılar qeyd edirlər ki, bir super intellekt adətən “robot etikası” başlığı altında müzakirə edilən fenomenlərdən köklü şəkildə fərqli problemlər yaradır: “Bu ona görədir ki, super intellekt çox mürəkkəbdir və buna görə də başa düşmədiyimiz məqsədlərə çatmaq üçün potensial olaraq çoxlu müxtəlif resursları hərəkətə keçirmək iqtidarındadır”.

Tədqiqat qrupunun irəli sürdüyü səbəblərdən bəziləri Alan Türinqin 1936-cı ildə irəli sürdüyü “pauza”(“fasilə”) məsələsindən qaynaqlanır. Problem kompüter proqramının cavab axtararkən bir nəticəyə gəlib çatıb-çatmayacağı və ya sadəcə cavab tapmağa çalışarkən onun əbədi təkrarlanmada ilişib qalacağını bilmək üzərinə fokuslanır. Bunu bəzi xüsusi proqramlar kontekstində bilsək də, Türinqin bəzi intellektual hesablamalarla sübut etdiyi kimi, yazıla biləcək hər bir potensial proqram üçün məlumat əldə etməyimizə imkan yaradacaq yol tapmaq məntiqi olaraq qeyri-mümkündür. Bu fakt bizi bütün mümkün kompüter proqramlarını eyni vaxtda yaddaşında saxlaya bilən süni intellektə qaytarır.

Alqoritmə mane olmaq

Süni intellektin insanlara zərər verməsinin və dünyanı məhv etməsinin qarşısını almaq üçün yazılmış hər hansı bir proqram bir nəticəyə gələ və ya bu olmaya da bilər. Hər iki halda bizim üçün tam əmin olmağımız riyazi cəhətdən mümkün deyil, yəni onu yoxlamaq qeyri-mümkündür.

Almaniyanın Maks-Plank İnstitutunun kompüter alimi İyad Rəhvan deyir ki, bu, əslində məhdudlaşdırıcı alqoritmin funksiyalarını pozur.

Tədqiqatçılara görə, süni intellektə etika öyrətmək və ona dünyanı məhv etməmək üçün göstəriş vermək mümkün deyil, bunu heç bir alqoritm qəti şəkildə edə bilməz. Bu, super intellektin imkanlarını məhdudlaşdırmaq olardı. Məsələn, internetin bəzi hissələri və ya müəyyən şəbəkələrlə əlaqəsi kəsilə bilər.

Son araşdırmalar da bu fikri rədd edərək, bunun süni intellektin imkanlarını məhdudlaşdıracağını iddia edir. Burada irəli sürülən əsaslandırma belədir: “Əgər biz ondan insanın iradəsindən kənar problemləri həll etmək üçün istifadə etməyəcəyiksə, bunu niyə yaratmalıyıq?”

Naməlum yol

Süni intellektlə yolumuza davam etsək, nəzarətimiz altında olmayan bir super intellektin nə vaxt ortaya çıxacağını belə bilməyə bilərik, onu anlaşılmaz edən də budur. Bu fakt o deməkdir ki, getdiyimiz istiqamətlə bağlı ciddi suallar verməyə başlamalıyıq.

Maks-Plank İnstitutundan kompüter alimi Manuel Kebrian deyir: “Dünyanı idarə edən super-ağıllı maşın" elmi fantastika kimi səslənir. Amma proqramçıların necə öyrəndiklərini hələ tam başa düşülməyən, ancaq bəzi vacib tapşırıqları müstəqil şəkildə yerinə yetirən maşınlar var”.

Beləliklə, süni intellektin nəhayət nəzarətdən çıxacağı və nə vaxtsa bəşəriyyət üçün təhlükəli olacağı sual olaraq qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər