19 Noyabr 2021 23:13
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin peyk-rabitə şəbəkəsi günü-gündən inkişaf edir. Qardaş ölkənin istehsalı tamamlanan “TürkSAT 5B” süni peyki bu ilin dekabr ayında kosmosa göndəriləcək. Bununla da Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.

Teleqraf.com xəbər verir ki, “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılacaq. Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və qonşu ölkələr də daxil olmaqla geniş əhatə dairəsində xidmət göstərəcək.

“TürkSAT 5B”nin manevr ömrünün 35 ildən çox olacağı ehtimal edilir. Peykin istismara verilməsi ilə “TÜRKSAT A.Ş.”ə aid rabitə peyklərinin sayı beşə çatdırılacaq.

Xatırladaq ki, “TürkSAT 5A” cari il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib.


Müəllif: Teleqraf.com