1 Dekabr 2021 09:30
4 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur dahilərindən biri, alman fizik Albert Eynşteynin xoşbəxtliyə çatmağın düsturu ilə bağlı qeydləri tapılıb.

Teleqraf.com xəbər verir ki, Eynşteyn 1922-ci ildə Nobel mükafatı aldıqdan sonra Yaponiyaya mühazirə oxumağa gedib.

Dahi fizik qaldığı oteldə işləyən şəxsə bəzi qeydlərini verib. Bu kağızlardan birində onun xoşbəxt olmaqla bağlı fikirləri yer alıb.

Alman dilində yazılmış bir qeydində deyir: “Sakit və təvazökar həyat sonsuz amansızlıqla birləşmiş uğur dalınca gedən həyatdan daha çox xoşbəxtlik gətirir”.

Eynşteynin qeydi və bir neçə başqa yazısı 2017-ci ildə hərracda 1.8 milyon dollara satılıb.

Albert Eynşteyn nisbilik nəzəriyyəsini ilk dəfə işləyib hazırlayan elm adamıdır. Fotoelektrik effekt üzərindəki işinə görə 1921-ci ildə fizika üzrə Nobel mükafatı alıb.

1879-cu ildə anadan olan Eynşteyn 1931-ci ilə qədər Almaniyada yaşayıb. Nasist Partiyası onu hədəfə çevirdikdən sonra Almaniyanı tərk edərək öz istəyi ilə bu ölkənin vətəndaşlığından imtina edib. İki dəfə evlənən Albert Eynşteynin birinci həyat yoldaşından 3 övladı olub. Ömrünü düşünməyə, sorğu-sual etməyə və elmə həsr edən Eynşteyn 76 yaşında ABŞ-ın Nyu-Cersi ştatında vəfat edib. O, dünyanın ən mühüm mütəfəkkirlərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu