Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.
Turan Əliyev 1983-cü il yanvarın 22-də Naxçıvanın Babək rayonunun Qaraxanbəyli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi şəhid Vilayət Mahmudov adına 9 nömrəli məktəbdə oxuyub. 2004-cü ildə Naxçıvan Dövlət Universiteti Yol hərəkətinin təşkili fakültəsini bitirib.
Ali məktəbi bitirdikdən sonra 2005-ci ildə İsveçə köçüb. 2007-ci ildən burada diaspor fəaliyyət ilə məşğul olub. İsveçdə siyasi fəaliyyətə isə 2017-ci ildə başlayıb. Həmin il liberal “Mərkəz” (Centerpartiet) Partiyasına üzv olub. Bir il sonra İsveçdə keçirilən parlament və bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb.
Beləliklə, ilk dəfə İsveç parlament seçkilərinə dörd azərbaycanlının namizədliyi qeydə alınıb. Onlar “Mərkəz” partiyasından Turan Əliyev, İsveç Sosial-Demokrat partiyasından Ayla Fəzilən, Xalidə Mərifət və Fərəc Quliyev olub.
Turan Əliyev 2018-ci il sentyabrın 9-da namizədliyi ırəli sürülmüş 19 seçki məntəqədən ibarət 40 minə yaxın sakini olan Partill şəhər bələdiyyəsinə (Partille Kommunfullmäktige) məclis üzvü seçilib. Həmin il noyabrın 20-də Partill bələdiyyəsinin iclasında məclis tərəfindən mədəniyyət komitəsinin əsas üzvü seçilib.
Turan Əliyev 2018-ci ildən “Mərkəz” Partiyasının yerli təşkilatının idarə heyətinin üzvüdür.
2019-cu ildə Partill bələdiyyə məclisinin qərarı ilə Höteborq bölgə məhkəməsinin münsiflər heyətinin üzvü seçilib.
2019-cu il oktyabrın 24-də İsveç Kralığının ikinci böyük bölgəsi Qərbi Höteland parlamentinin qərarı ilə bu qurumun səhiyyə komitəsinin üzvü seçilib. Turan Əliyev 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə də qalib gələrək bu qurumun səhiyyə komitəsindəki yerini qoruyub. Azərbaycanlı bu komitədə “Mərkəz”i təmsil edən yeganə partiya üzvüdür.
“Mərkəz” Partiyası azərbaycanlı siyasətçiyə 2021-ci il iyunun 8-də Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinə keçirilən səsvermədə də etimad göstərib. O, səsvermədə bu məhkəmənin münsiflər heyətinin üzvü seçilib. Turan Əliyev 2023-cü ilədək bu vəzifədə qalacaq.
Məhkəmə prosesində üç nəfərlik münsiflər heyətini üzvü kimi o, hakim qərarın verilməsində bərabər hüquqa malikdir.
Qeyd edək ki, Qərbi Hötaland bölgəsində 49 şəhər bələdiyyəsi fəaliyyət göstərir. Bölgə məhkəməsi Höteborq, Öker, Harrida, Kunqalvs, Mölndals, Partill və sair şəhərləri əhatə edir.
Turan Əliyev 2012-ci ildə ailə həyatı qurub. İki övladı var. Həyat yoldaşı azərbaycanlıdır və Partill bələdiyyəsində həftədə bir dəfə Azərbaycan dilini tədris edir.