ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi NASA Azərbaycanda tədqiqatlar aparmaqda maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bunu NASA-nın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cimm Rasl Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində bildirib.
"Azərbaycan kosmik coğrafiya baxımından yenidir. Bakıda keçirilən bu tədbir gənclər üçün böyük motivasiya olacaq. Əminəm ki, Azərbaycan gəncləri arasında kosmik sahəyə maraq daha da artacaq", - deyə NASA rəsmisi əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başlayıb.
Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur.
Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.