İnsanların tez yaşlanmasına və bu səbəbdən ölməsində dinozavrlar günahkardır. Daha doğrusu, onların insanların qədim əcdadları üçün yaratdıqları dözülməz şərait nəzərdə tutulur.
Teleqraf.com xəbər verir ki, bu haqda “BioEssays” nəşri yazır.
Tədqiqatçılar 100 milyon il əvvəl planetdə dinozavrların hökmranlığı dövründə o vaxtkı məməlilərin hüceyrələrin bərpasına cavabdeh olan genləri itirmələrinə diqqət çəkirlər.
Elm adamları qeyd edirlər ki, insanlar digər heyvanlarla müqayisədə kifayət qədər uzun ömür yaşasalar da, həyatları boyu minimum yaşlanma əlamətləri göstərən bir çox sürünənlərdən geridə qalırlar. Belə hesab edilir ki, qocalma xromosomların tədricən deqradasiyası və orqanizmdə toxumaların bərpasına cavabdeh olan kök hüceyrələrin ehtiyatının tükənməsi nəticəsində baş verir.
Amma yaşlanmanın səbəbləri və mexanizmləri böyük ölçüdə hələ də elm tərəfindən tam izah edilə bilmir.
Sirlərdən biri də məməlilərin əksər hallarda sürünənlər və suda-quruda yaşayanlardan daha tez qocalmasının səbəbidir. Yeni araşdırmanın müəllifləri bu suala öz cavablarını təklif ediblər. Onların fikrincə, bu, dinozavrlar dövründə məməlilərin keçirdiyi təkamül dəyişikliklərinin nəticəsidir.
O vaxtlar məməlilər qida zəncirinin son halqasında yer alırdılar, buna görə də onların populyasiya olaraq yaşamaq üçün yeganə variantı mümkün qədər tez çoxalmaq idi. Təkamül məhz bu istiqamətdə getdi, amma bu yolda məməlilər qocalmanın qarşısını alan regenerasiya qabiliyyətini itirdilər.
“Heyvanlar aləmində heyrətamiz bərpa və regenerasiya nümunələrini görürük. Bu genetik məlumat Ti-Reksin (dinozavr növü) qidasına çevrilməmək üçün şanslı olan erkən məməlilərdən ötrü faydasız olardı. Baxmayaraq ki, hazırda insanlar, balinalar və fillər də daxil olmaqla, böyüyən və uzunömürlü olan bir çox məməlidən söhbət getsə də, biz də, bu məməlilər də Mezozoy erasının genetik məhdudiyyətləri ilə yaşayırıq, bir çox sürünənlərdən təəccüblü şəkildə daha tez qocalırıq”, - tədqiqatda deyilir.